"Ərdoğanın ən uğurlu varisi Hakan Fidandır" - ŞƏRH 

"XİN rəhbəri kimi də təcrübəsini artıracaq adam qarşısında CHP-nin namizədinin uğur qazanması indiki halda imkansız görünür"

"Əvvəla bu məsələnin 2028-ci ilə qədər qalmama ehtimalı da var. Həttta 2025-ci ildə erkən seçki ola bilər”.
Bunu “Sherg.az”a açıqlamasında Azərbaycanın mühacirət tarixinin tədqiqatçısı, Türkirədə yaşayan araşdırmaçı-jurnalist, "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhməd Ərdoğanın varisi kim olacaq iddialarından danışarkən deyib.


O bildirib ki, cənab Ərdoğanın yaşının artması, müəyyən sağlamlıq problemlərinin olması bu məsələni önə çəkə bilər:

“Prezidentin televiziya proqramında ani şəkildə narahatlıq keçirməsi və digər məsələlər onun özü tərəfindən bu addımın atılmasına səbəb ola bilər. Mənə elə gəlir ki, Ərdoğan məhz varis məsələsini həll etmək üçün bu dəfə də özü namizəd oldu. Təbii ki, 2001-ci ildən davamlı iqtidarda olan partiyanın rəhbəri kimi Ərdoğan özündən sonrakı vəziyyəti planlayacaqdır. Amma bundan əvvəl onun qarşısında daha başqa məsələ var. Bu 1982-ci il Konstitusiyasını birdəfəlik dəyişdirməkdir. Görünür, gələn ilki bələdiyyə seçkilərindən sonra buna başlayacaqlar. Konstitusiyadan sonra isə varis məsələsi gündəmə gələcək. Hazırki məqamda ideal varis kimi adı ən çox hallanan keçmiş MİT sədri, indiki xarici işlər naziri Hakan Fidandır. Fidan prestijli, tanınan və Türk ictimaiyyətində də qəbul edilən bir şəxsdir. Bu baxımdan kimsə təəccüblənməz. Əvvəllər Hulusi Akarın və Çavuşoğlunun da adı çəkilirdi, amma onların hər ikisini yola salmaqla üstündən xətt çəkilmiş oldu. Amma Fidanın önə çəkilməsi sanki yolunun açılması kimidir”. 

D.Əhməd əlavə edib ki, əsas məsələ müxalifət bu prosesə hazırdırmı sualıdır:

“Əgər CHP sədri istefa verməsə, bugünkü vəziyyətləri davam etsə, 2025 və ya 2028-ci ildə Fidanın onlara rahat şəkildə qalib gələcəyi şübhəsizdir. Son seçkidə AKP xüsusilə sosial mediada yeni texnologiyalardan istifadə edərək qələbə qazandı. CHP isə köhnəlmiş strategiyaya sadiq qaldığı üçün, xeyli problemə rəğmən qazana bilmədi. Hakan Fidan kimi dünyanı yaxşı bilən, yenilikləri mənimsəyən, üstəlik XİN rəhbəri kimi də təcrübəsini artıracaq adam qarşısında CHP-nin namizədinin uğur qazanması indiki halda imkansız görünür. Varislər arasında Selçuk Bayraktarın adı da ara-sıra çəkilsə də, buna inanmıram, çünki onun gördüyü iş zatən Türkiyə üçün faydalıdır. Heç özünün də bu posta mamizəd olacağına inanmıram. Onunla müqayisədə Fidan daha uğurludur. Bəzi jurnalistlər ara-sıra Bilal Ərdoğanın da namizəd olacağını yazsalar da, Türkiyə adətlərində bu hala icazə veriləcəyinə heç cür qəbul edə bilmirəm. Toplum da buna razı olmaz".

Qeyd edək ki, Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yeni qalib gəlməsinə və 5 illik müddətin təzə başlamasına baxmayaraq, artıq 2028-ci il üçün Ərdoğanın varisinin kim olacağı müzakirəsi başlayıb. Bu varislər arasında Hakan Fidan ən çox adı hallanan şəxsdir.