ABŞ hakimiyyəti tezliklə Kiyevə kaset sursatlarının daha bir partiyasını göndərmək niyyətindədir.
Bu barədə “Nyu York Tayms” ABŞ rəsmilərinə istinadən yazıb.
“ABŞ Prezidenti Co Bayden administrasiyası iki ay sonra yenidən Ukraynaya kaset sursatlarının tədarükünü planlaşdırır. ABŞ Ukraynanın silah-sursatının tükənməyəcəyinə zəmanət vermək niyyətindədir”, - məlumatda qeyd olunub.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib ki, Ukrayna və Rusiya arasında müharibə iki ilə yaxındır davam edir:
"Bu müddət ərzində ABŞ-nin silah-sursat və hərbi yardımı ümümilikdə təxminən 70 milyard dollar üzərində qiymətləndirilir. Amma bu son deyil, hələ də davam edir. Əslində ABŞ rəsmi Kiyevin müharibədə qalib gəlməsinin tərafdarı deyil. Sadəcə olaraq öz maraqlarının Ukrayna üzərindən həyata keçirilməsini istəyir. Bu günləri onların atdığı addımların əsas məqsədi Rusiya tərəfini zəiflətmək və Ukraynanı özündən asılı hala salmaqdan ibarətdir. Yəni, ABŞ bura da ikili qazanc əldə etməyə çalışır. Artıq Ukrayna dövləti ABŞ-nin istədiyi dövlətə çevrilir. Digər tərəfdən isə Rusiya da artıq hegomoniyasını bir tərəfə qoyur. Bu iki məsələ ABŞ tərəfinin niyə belə proses apardığını açıq şəkildə göstərir. Ona görə də ABŞ nə Ukrayna, nə də Rusiya tərəfinin qalib gəlməsini istəyir".
Qeyd edək ki, ABŞ ümumilikdə Ukraynaya nə qədər kaset mərmisi verildiyini açıqlamayıb və belə bir niyyəti də yoxdur.