Rusiya "saman çöpündən yapışır"  - Elçin Xalidbəyli

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İnı aparan qatar Rusiyaya çatıb.

Bu barədə Cənubi Koreyanın hərbi qurumları açıqlama yayıb. Bu, Kim Çen Inın COVID-19 virusu yayılmağa başlayandan sonra xaricə ilk səfəridir.

K. Çen İnın Rusiya səfərini "Sherg.az"a dəyərləndirən siyasi şərhçi  Elçin Xalidbəyli  bildirib ki, Şimali Koreya liderinin səfər edə biləcəyi ölkələrin sayı o qədər də çox deyil: 

"Bu səbəbdən Kim Çen İn nadir hallarda öz ölkəsinin sərhədlərindən kənara çıxa bilir. Bu baxımdan, onun Rusiya səfəri də nadir hadisə kimi maraq doğurur.

Kim Çen İnın Rusiya səfəri həm Kremlin beynəlxalq təmas məkanının ciddi şəkildə daralaraq, keyfiyyətini itirdiyini də göstərir. Çünki Rusiya Ukrayna savaşına qədər dünyaya meydan oxuyan super dövlət idi. İndi isə Kreml vaxtilə Rusiyanın bəsləyib, ayaqda tutmağa çalışdığı Şimali Koreya kimi ölkələrin ümidinə qalıb.

Böyük ehtimalla bu səfər çərçivəsində Kreml Şimali Koreyanın Rusiyaya hərbi dəstək verməsinə, silah-sursat və hərbi texnika göndərməsinə nail olmağa çalışacaq. Halbuki Şimali Koreyanın belə imkanları mövcud olsa da, Rusiya ordusunu tam təmin edə biləcək səviyyədə də deyil. Yəni, Rusiya "dəryada boğulmaq ərəfəsində saman çöpündən yapışmağa" çalışır.

Ancaq ola bilər ki, Kreml Şimali Koreyanı yaxın gələcəkdə Rusiya ilə ortaq şəkildə ABŞ və Qərbə qarşı nüvə müharibəsinə də razılaşdırmağa çalışsın.  Çünki nüvə dövləti olan Şimali Koreya bundan başqa heç bir halda, Rusiyanın işinə yaraya bilməyəcək ölkədir".

Xatırladaq ki, ötən gün rəsmi Pxenyan KXDR lideri Kim Çen Inın Rusiyaya səfərini təsdiqləyib.