Sərhəd yoxlamasında yeni-yeni adamları ifşa edəcəyik - Tofiq Abbasov

"Dövlətimizə, ölkəmizə, xalqımıza və vətəndaşlarımıza qarşı hansısa cinayət törətmiş şəxslər istintaqa cəlb olunmalıdır. Çünki onlar Azərbaycan qanunlarını pozub, külli miqdarda zərər vurub və vətəndaşlarımızın haqlarını tapdalayıblar. Onlar həm Azərbaycan vətəndaşlarını öldürüb, həm də ağır işgəncələr veriblər. Bu cür şeylər isə heç vaxt bağışlanmır. Həmçinin belə cinayətlərin müddəti olmur və nə vaxt həmin şəxslər tutuldusa, saxlanılmalıdır. Vəssalam!".

Bu fikirləri "Sherg.az"a açıqlamasında ermənilərin bölgəni Azərbaycan hakimiyyətinin  ciddi şəxsiyyət yoxlamasından keçdikdən sonra tərk etməsi ilə bağlı məsələyə münasibət bildirən zaman politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, Azərbaycan tərəfindən bu yoxlamalar daha da ciddi şəkildə həyata keçirilməlidir:

"Çünki biz öz süzgəcimizdən bütün ünsürləri keçirməliyik. Yəni, törətdikləri qeyri-qanuni hərəkətlərin hamısını ifşa edərək öz cəmiyyətimizə və dünya birliyinə təqdim etməliyik. Onlar bilməlidilər ki, Azərbaycan burada qeyri-adi heç nə etmir. Əksinə olaraq ədalətin keşiyində duran dövlətdir. Ölkəmizin qayəsi bütün Azərbaycan ərazilərində sülh və sabitliyin olmasıdır. Əgər bunlar olmasa, biz sona qədər vuruşaraq mübarizəmizi  davam etdirəcəyik. Ermənistan bizim bütün hərəkətlərimizdən mütləq şəkildə nəticə çıxarmalıdır. 


Eyni zamanda Vardanyan Azərbaycan torpağına qeyri-qanuni yol ilə gəlib. Onun törətdiyi bütün cinayət işləri araşdırılmalıdır. Azərbaycanın istintaq orqanları bu məsələ ilə ciddi məşğul olmalıdır. Çünki Vardanyan özünü həm milyarder kimi qələmə verib, digər tərəfdən Azərbaycan torpaqlarında olmazın oyununu çıxarıb. Təbii resurslarımızı mənimsəyib. Vardanyan dəfələrlə separatçı qüvvələri başına yığmaqla məşğul olub. Son günə qədər Xankəndinin mərkəzi meydanında dayanaraq sosial şəbəkələrdən istifadə edərək efirə çıxıb bildirmişdi ki, biz sona qədər vuruşacağıq və silahı yerə qoymayacağıq. Bunların hər biri cinayət xarakterli hadisələrdir. Göz yummaq olmaz. 

Yoxlama prosesində yeni-yeni adamları ifşa edəcəyik. Bu istiqamətdə üzərimizə düşən vəzifələri vicdan ilə yerinə yetirməli və dünya birliyini vaxtı-vaxtında məlumatlandırmalıyıq".