Bu gün Xankəndi şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni sakinlər arasında növbəti görüş gözlənilir.
Bu barədə Teleqram kanallarında məlumat paylaşılıb.
Bildirilir ki, görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də iştirak edəcək.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Azərbaycanın işçi qrupu, Ermənistan ilə danışıqlar üzrə nümayəndələri və Qarabağın erməni sakinləri arasında görüşlərin keçrilməsi çox təbii haldır:
"Azərbaycan Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyasında maraqlı olduğunu dəfələrlə vurğulayıb. Bu tip görüşlərin sayı getdikcə artacaq. Görüşlər həm Xankəndidə Azərbaycana dövlət strukturlarının təhvili, həm də bəzi qurumlarımızın fəaliyyətə başlaması baxımından vacibdir. Eyni zamanda orada qalan, yaşayan erməni sakinlərinin Azərbaycan vətəndaşlığına keçidi prosesi və ya hər hansı problemlərinin dinlənilməsi özündə ehtiva edir. Bu görüş çərçivəsində Qarabağ ermənilərinin inteqrasiyası, Azərbaycandan istəkləri və digər məsələlər müzakirə oluna bilər. Bundan sonra görüşlərin qısa fasilələrlə Azərbaycanın başqa-başqa şəhərlərində keçiriləcəyini düşünürəm. Qarabağda antiterror tədbirləri keçirib, Xankəndidə yurisdiksiyamızı bərpa etdikdən sonra Azərbaycan ilə Ermənistan arasında sülh üçün yeni imkanlar yaranır. Artıq Nikol Paşinyan hakimiyyəti də ağıllanıb, sülh məsələsində konkret addımlar atmağı bacarmalıdır. Ona görə də bundan sonra Ermənistanın Azərbaycan ilə hər hansı bir mövzunu konfrantasiyaya gətirməsi onlar üçün çox ciddi siyasi, iqtisadi və psixoloji itkilərə gətirib çıxara bilər. Yəni Ermənistan tərəfinin Azərbaycan ilə sülhdən başqa yolu qalmayıb".
Xatırladaq ki, bu, sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra sayca dördüncü görüş ola bilər.