Severenliyimizin tam bərpası İranı çaşdırıb  - ANALİZ

"Təxminən 10 aya öncə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu oldu".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Sədrəddin Soltan Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadəyə edam cəzası verilməsindən danışarkən deyib. 
Onun sözlərinə görə, Azərbaycan tərəfi bunu terror adlandırsa, da Tehran hakimiyyəti adi məişət hadisə kimi təqdim etməyə çalışdı:

"Hətta sözügedən terrorçudan İran mətbuatı müsahibə götürdü. Bu isə özü-özlüyündə hadisənin rəsmi Tehran tərəfindən təşkil olunduğunu təsdiqləyir. Çünki terrakt baş verən kimi Azərbaycanın səfirliyinin ətrafına mətbuat nümayəndələri yığıldı. Ümumiyyətlə Tehran hakimiyyəti Azərbaycan səfirliyinin müdafiəsini təşkil etməmişdi. Bundan başqa Azərbaycanın öz hüquq mühafizə orqanlarının və prokurorlarının istintaqda iştirak etməsi barəsində çoxsaylı təkliflərinə baxmayaraq, bu, qəbul edilmədi. Ona görə də, törədilmiş terraktın bir sıra qapalı məqamlarının olduğu istisna olunmur. Yəni Azərbaycanın tərəfdən bir çox suallar hələ də cavabsız qalır. Məsələn, terrorçu avtomat silahı necə əldə etdi, çöldəki maşınlar və.s". 
Analitik əlavə edib ki, Tehran hakimiyyəti  terrorçuya ən ağır cəzanı verdiyinə görə, Azərbaycana minnət qoya bilməz:

"Çünki bu İranda qəbul olunmuş qanundur. Digər tərəfdən həm də edamın icrası məsələsi var ki, Tehran hakimiyyəti həqiqətən də terrorçunu edam edəcəkmi? Yaxud da hökmün icrasından öncə apellyasiya üçün nə qədər müddət qoyulacaq. İran hakimiyyəti həmin cinayətkarla bağlı məsələləri gizlətməklə, özünün izlərini ört-basdır edir. Yəni özünü Azərbaycana xoşməramlı göstərərək səviyyəsi endirilmiş diplomatik münasibətləri gücləndirməyə çalışır. Həmçinin Azərbaycan səfirinin İrana qayıtmasına cəhd göstərir. Ona görə də Tehran hakimiyyətinin bu addımını xoşməramlı yox, törədilən cinayətin izinin itirilməsi kimi təqdim etmək daha məqsədəuyğundur. Çünki Azərbaycanın suverenliyinin tam bərpası İranı çaşdırıb. Onlar Bakıya yönəlik siyasət xəttini hələ də müəyyənləşdirə bilmirlər. Ümumiyyətlə İranda Azərbaycanın dövlətçiliyinə qarşı fəaliyyət göstərən qruplar mövcud olduqca Tehran hakimiyyətinin səmimiliyi inandırıcı olmayacaq".

Qeyd edək ki, Azərbaycan Dövlət Televiziyası (AzTV) Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadənin edam olunacağı ilə bağlı məlumat yayıb.
Xatərladaq  ki, həmin terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.