Rusiya-Ukrayna müharibəsi: Qərbdəki yorğunluq necə aradan qalxa bilər?



Pentaqon rəhbəri haqlıdır

Ukraynaya dəstək olmasa Moskva tezliklə üstünlüyü əldə edəcək


  "ABŞ müdafiə naziri Lloyd Ostin Senatın komitəsində keçirilən dinləmələrdə deyib ki, ABŞ Ukraynaya dəstəyini dayandırsa, Rusiya işğalçı müharibədə qalib gələcək". Bu barədə politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Ostinin fikrincə, Qərb Ukraynanı dəstəkləməkdən yorulacaq və bu zaman Moskva tezliklə üstünlüyü əldə edəcək:

"Loyd Ostin haqlıdır. Pentaqon rəhbəri bu sözləri təsadüfən deməyib, bır sıra ölkədə, həmçinin Qərbdə Rusiya-Ukrayna müharibəsindən yorğunluq artmağa başlayıb. Bəzi Qərb ölkəsi Ukraynaya dəstəyi azaltmaq barədə düşünür. ABŞ Konqresi belə büdcədə Ukraynaya yardımı nəzərdə tutmayıb. Polşa Ukrayna məhsullarının Avropa bazarına çıxarılmasının əleyhinədir, Macarıstan Avropa İttifaqının Ukraynaya dəstəyinin azaldılmasına çalışır. Növbəti il ərzində müharibədən yorğunluğun daha da artacağı ehtimalı var. Qərb ölkələrinin bir qismində “biz daha nə qədər Ukraynaya maliyyə və hərbi texnika göndərəcəyik” sualı tez-tez səslənməyə başlayıb. Bu gedişat Kremlin maraqlarına uyğundur. Ukraynanın müharibədə dönüş yaratmasıyla Qərbdəki yorğunluğun qarşısını almaq olar".