Ermənistan ərazisi Rusiyaya qarşı güclərin mübarizə meydanına çevrilib  - Toğrul İsmayıl

 "Əlbəttə, proseslər dolayı yolla Azərbaycana da təsir göstərə bilər"

  Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının genişləndirilməsi Brüsseldə müzakirə olunacaq. Bu barədə Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Markus Ritter deyib. Ritter hazırda Müşahidə Missiyasına Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğunu vurğulayaraq, Missiyanın Aİ-yə üzv olan 27 ölkənin hamısının nümayəndələrinin daxil olması ehtimalının olduğunu əlavə edib: "Burada baş verənlərə görə bu missiyaya böyük siyasi diqqət yetirilir". 

Aİ-yə üzv olmayan ölkələrin də Aİ-nin Ermənistandakı Missiyasına qoşulmasının mümkünlüyünə toxunan Ritter Kanadanın Aİ-nin müşahidə missiyasına qoşulma qərarını xatırladaraq digər ölkələrdən də analoji marağın olacağı halda bu məsələnin Brüsseldə müzakirə olunacağını deyib. 
  Ankara Universitetinin professoru Toğrul İsmayıl "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa ölkələrinin, hətta okeanın o tayındakı dövlətlərin Ermənistandakı missiyada iştirakda canfəşanlıq etməsinin səbəbi geopolitik oyunların tərkib hissəsidir. Professor vurğulayıb ki, SSRİ dağıldıqdan və bölgədə müstəqil dövlətlər yarandıqdan sonra bugünədək Ermənistan açıq şəkildə Rusiyanın müttəfiqidir: 

"Qərb ölkələrinin təmsil olunduğu missiyalar Ermənistan dövlətinin dəvəti ilə bölgədə mövcuddur. Azərbaycanı beynəlxalq hüquqa görə çox da maraqlandıran məsələ deyil. Amma burada həssas məsələ var. Ermənistan ərazisi bu tip missiya qruplarının, Rusiyaya qarşı güclərin mübarizə meydanına çevrilib. Əlbəttə, proseslər dolayı yolla Azərbaycana da təsir göstərə bilər. Lakin belə missiyaların Azərbaycan ərazisində, yaxud sərhədlərə yaxın yerləşməsi yolverilməzdir. Beynəlxalq hüquq normalarına görə, kənar güclərin iki ölkə arasındakı sərhəddə yerləşməsi mümkün deyil. Əgər beynəlxalq hüquq işləsə, bu cür təşəbbüslər savaşa çağırış deməkdir. İnanmıram ki, Avropa Birliyi buna cəhd edər. Məqsəd Ermənistandan faydalanaraq bölgəyə yerləşmək, İrəvanı ən zəif halqa kimi özünə bağlamaqdır. Çünki Azərbaycanı və Gürcüstanı buna məcbur etmək mümkün deyil. Ümumən, hesab edirəm ki, hərbi güc sayılmayan Avropa Birliyinin regionda varlığı da heç nə ifadə etmir. Ancaq hər şeyə rəğmən, prosesləri nəzarətdə, diqqətdə saxlamalıyıq". 
Professor diqqətə çatdırıb ki, Azərbaycanla Ermənistan arasında qalıcı barışı təmin etmək iki ölkənin təmasları, müzakirələri ilə mümkündür: "Vasitəçilər də ola bilər. Amma kənar güclərin qatılmaması daha doğru və effektli olar. Əks halda Ermənistan özü bu məsələdə çox ciddi şəkildə zərər görəcək".