Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib.
Oxu.Az xəbər verir ki, aksiya zamanı Fransa polisi iştirakçılara yaxınlaşaraq Azərbaycan bayrağının dalğalanmasına etiraz edib.
Bu zaman etirazçılar ölkələrimiz arasındakı sıx əlaqələrin olduğunu, Azərbaycanla dostluq əlaqələrini əsas gətirərək hüquq-mühafizə orqanlarının istəyini rədd ediblər.
Numan şəhərində keçirilən etirazları şərh edən Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sherg.az"a bildirib ki, yeni Kaledoniyanın, həmçinin Sakit okean ilə Karib dənizin əhatəsində olan Fransanın müstəmləkələrində kobud şəkildə insan hüquqlarının pozulmasına qarşı Azərbaycan və Qoşulmama Hərəkatı öz etirazını bildirib:
"Fransa imperiya kimi çox ciddi formada insanlara qarşı ən sərt davranış göstərib və cinayətlər törədib. Təbii ki, Fransa Ermənistanın bacısı olduğuna görə Azərbaycana qarşı da kobud surətdə təxribatlar həyata keçirib. Eyni zamanda yalan və iftira kampaniyası aparır. Ona görə də yeni Kaledoniyada olan Fransanın hərəkətləri normaldır. Bununla yanaşı imperiyadan kifayət qədər əziyyət çəkmiş şəxslər Azərbaycanın bayrağını ona görə qaldırır ki, bizim dəstəyimiz onlar üçün çox önəmlidir. Azərbaycan haqqı, ədaləti dəstəkləyir və imperiyaların təzyiqlərinin qarşısını almağa çalışır. Fransa bilavasitə olaraq erməni diasporasının ölkədə mövcud olan siyasi korrupsiyasından istifadə edərək Azərbaycana qarşı kompaniya aparır. Erməni diasporasının əsas məqsədi bölgədə sülhə və sabitliyə imkan verməməkdir. Çünki onlar öz maliyyə fırıldıqlarını davam etdirmək üçün Ermənistanda yaşayan ermənilərə qurbanlıq kimi baxırlar. Ona görə də onlara bölgədə müharibə və toqquşmaların olması lazımdır. Həmçinin, erməni diasporası Fransa siyasətçilərini öz məqsədləri üçün istifadə edir".