Regionda vəziyyət daha da gərginləşəcək? - ŞƏRH

Azərbaycan bütün təhdidlərə hazırdır

Fransa heç bir maneə olmadan Ermənistanı silahlandırmağa çalışacaq

  Məlum olduğu kimi, Fransa Senatı “Sezar” artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib. Bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir. Rəsmi Paris xarici və daxili siyasətindəki uğursuzluqlardan dərs çıxarmaq istəmir, əksinə, revanşizmə üstünlük verən ölkələri silahlandırmaq siyasətini davam etdirir. Fransa riyakarlığını, ikiüzlülüyünü bir neçə faktla da sübut etmək mümkündür. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə səfər edəndən sonra İsrail və HƏMAS arasında vasitəçi qismində çıxış etdiyini bildirir, bir növ "sülh göyərçini" olmağa çalışır. Digər tərəfdən, onun təqdimatı ilə Cənubi Qafqazda sülh prosesinə əngəl siyasəti yürüdülür. Qeyd edək ki, Fransa parlamentinin spikeri Jerar Larşe də bir müddət əvvəl Makronun planına uyğun olaraq hökumət qarşısında Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün ona müdafiə silahlarının verilməsi prosesini sürətləndirməsi tələbi ilə çıxış etmişdi. Mediada yer alan xəbərlərdə göstərilir ki, Fransa artıq Ermənistana 50 ədəd zirehli döyüş texnikası göndərib. Paralel olaraq rəsmi Paris İran vasitəsilə Hindistan istehsallı “Trajo” haubitsalarının göndərilməsini təşkil edib.
  Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Fransanın atdığı addımlar əvvəldən bəri beynəlxalq hüquqa və sülhə qarşı olan addımlardır. Deputatın sözlərinə görə, 44 günlük müharibə dövründə Fransa bu gün edəcəklərinin anonsunu vermişdi:

"Fransanın bu gün etdikləri regionda Ermənistanı işğala həvəsləndirmək, onu silahlandırmaqdan ibarətdir. Bu, əlbəttə ki, hər şeydən öncə Fransanın regionda sülhü arzu etmədiyinin göstəricisidir. Amma eyni zamanda həm də, Fransanın 30 illik keçmişdə Azərbaycana qarşı hansı mövqedən çıxış etdiyinin ifşa olunmasıdır. Beynəlxalq münasibətlər sistemində baş verən hadisələr bir daha onu göstərir ki, Fransa kimi ölkələr hüququn, insan haqlarının və bu kimi bənzər amillərin arxasında gizlənərək, əslində, özünün kolonist siyasətini həyata keçirir. Fransa Prezidenti E.Makron Ermənistan-Azərbaycan münasibətlərinə ciddi Qərb dövləti, demokratik ölkə kimi deyil, islamofobiyanın gözlərindən baxır. Ona görə də Ermənistana göndərdiyi silahlar müdafiə silahlarından sonra hücum silahlarına çevrilib".
  Parlament üzvü vurğulayıb ki, Fransa heç bir maneə olmadan Ermənistanı silahlandırmağa çalışacaq və regionda vəziyyət daha da gərginləşəcək: "Əlbəttə, bu, Fransanın açıq mövqeyidir. Azərbaycan buna hazırdır. Ermənistanın hərbi hazırlığı, müasir silahlarla təchizatı o səviyyədə ola bilməz ki, o, Azərbaycanı təhdid etsin. Ona görə bu mövqedən Fransa geri çəkilməlidir".