Rusiya Ukraynada yeni hücumlarını artırıb, böyük əraziləri işğal etmək imkanı yaranıb
Ukrayna ordusu gecə saatlarında Azov dənizi və Krım ərazisinə kütləvi PUA hücumu edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı Rusiya 22 PUA-nı məhv edilib, 13-ü isə ələ keçirilib. Bu arada Böyük Britaniya diplomatları Ukraynanı münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlar aparmağa məcbur edəcəklər. Bu barədə Britaniyanın “Deyli Ekspress” nəşri məlumat yayıb: “Ukraynanın əks-hücum əməliyyatı gözlənilən müvəffəqiyyətlə nəticələnmədi. Buna görə də ölkənin müharibədə qalib gəlmək qabiliyyətinə şübhə ilə yanaşılır. Britaniyanın diplomatik dairələrində Kiyevə təzyiq göstərmək və onu danışıqlar masası arxasına oturmağa məcbur etmək barədə danışılır”. ABŞ-nin Vaşinqton Post" nəşrində isə bildirilib ki, Kiyevin əks-hücumunun uğursuzluğuna səbəb Ukrayna ilə ABŞ arasında fikir ayrılığı, Qərbin yanlış hesablamalarıdır. Nəşr qeyd edib ki, Böyük Britaniya və ABŞ əks-hücum planlarında Kiyevə kömək etsələr də, Rusiya qüvvələrini lazımi səviyyədə qiymətləndirməyiblər, həmçinin Ukrayna qüvvələrinin Qərb xətti ilə sürətlə transformasiya oluna biləcəyinə inanmaqda yanılıblar. Bundan əlavə, ABŞ Prezidenti Co Bayden administrasiyası əməliyyatlara aprelin ortalarında başlamağı və konkret tarixlər təyin etməyi tələb edəndə Ukrayna tərəddüd edib və əks-hücumun başlamasını gecikdirib. Məqalədə vurğulanıb ki, Vaşinqton ukraynalıların əks-hücum üçün lazım olan çoxlu artilleriya mərmisini digər hədəflərə, o cümlədən Baxmut yaxınlığında israf etməsindən narahat olub.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Rusiya Ukraynada təşəbbüsü ələ almağa çalışır və taktiki müstəvidə buna nail ola bilər:
"V.Zelenskinin komandasının korrupsiya və rüşvətə bulaşması, ayrılan vəsaitlərin mənimsənilməsi cəbhədə uğursuzluğa gətirib çıxarıb. ABŞ-də normal siyasi xadimin prezident seçilməməsi Ukraynada müharibəyə mənfi təsir edir. C.Baydenin qocalığı, Trampın siyasətdən uzaq biri olması beynəlxalq müstəvidə Vaşinqtonun siyasətinə mənfi təsir etməkdədir. Rusiya Ukraynada yeni hücumlarını artırıb, böyük əraziləri işğal etmək imkanı var. Göründüyü kimi, Vaşinqtonun Ukrayna siyasətində ciddi problemlər ortaya çıxır. Rusiyanın Ukraynada qalibiyyəti Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirə bilər. Həmçinin Mərkəzi Asiyaya təzyiqləri artırar. Rusiyanın apardığı siyasət qonşu ölkələrə təhdid olaraq qalır. Qərb Ukraynada Rusiyaya qarşı müqaviməti gücləndirməsə, dünya Rusiya rasizmi ilə üzləşəcək".