Politoloq: Ermənistan Rusiya və Qərb labirintində vurnuxur

Paşinyan hakimiyyəti ölkəsini uçuruma aparır

“Ermənistanın arxasında duran qüvvələr yaxın gələcəkdə Rusiya ilə bağlı daha sərt addımlar atmağa vadar edəcək”


  “Ermənistan indi seçim qarşısındadır: Qərb, yoxsa Rusiya? İrəvan öz təhlükəsizlik problemlərini necə həll edəcəyinə qərar verməlidir”.
Bunu Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” Partiyasından olan deputatı Qagik Melkonyan deyib.
Ermənistanın gec, ya tez, seçim etməli olduğunu vurğulayan  Q.Melkonyan deyib ki, İrəvan KTMT-dən çıxmaqla bağlı da  hələ qərar verməyib: “Lavrov deyir ki,  Ermənistan Qərbin və ya Rusiyanın xeyrinə seçim etməlidir. Qərbə doğru getsək, Rusiya kimi düşmən tapacağıq, Rusiyanı seçsək, müstəqilliyimizi və ərazilərimizi itirəcəyik, bu da respublikanın məhvinə gətirib çıxaracaq. Bizə Rusiya-Belarus ittifaqına qoşulmağı təklif edirlər, lakin bu, Ermənistanın sonu demək olacaq. İrəvan nə bu məsələ, nə də KTMT-dən çıxmaqla bağlı qərar verib. İstisna etmirəm ki, İrəvan indiki siyasətini davam etdirsə, Moskvanın rəhbərlik etdiyi alyansdan kənarda qalacaq. Hələ hər şey müzakirə olunur, müzakirədən sonra məlum olacaq ki, biz onları, yoxsa onlar bizi tərk edəcək. Amma hələ vaxt var, çünki müzakirələr davam edir”.

  Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov  da “Sherg.az”a açıqlamasında Ermənistanın böyük bir dilemma qarşısında olduğunu deyib. Onun sözlərinə görə, həmişə Rusiyanın təsiri altında olan, faktiki olaraq Rusiyanın quberniyası və Cənubi Qafqazda forpostu rolunu oynayan Ermənistanın Qərbə meyl etməsi Paşinyan hakimiyyəti üçün çətin olacaq: 
“Hazırda Ermənistan siyasi dairələrində Rusiya ilə, yoxsa Qərblə əməkdaşlığın gələcək perspektivləri barədə müzakirələr  gedir. Rusiya ilə Ermənistan arasındakı münasibət gərgin olsa da, hələ ki bağlar tam qopmayıb. Ermənistan bu il Avrasiya İqtisadi Birliyinə sədrlik  edir. Hansı ki bu Birlik Ermənistanın iqtisadiyyatı  üçün müstəsna əhəmiyyətə malikdir. Rusiya isə Ermənistana qarşı əlində kifayət qədər təzyiq rıçaqları olduğu halda onlardan istifadə etmir, hələlik Rusiyanın xarici işlər naziri səviyyəsində xəbərdarlıqlar edilir. 
  Ermənistan hakimiyyəti isə yol ayrıcında qalıb. Əslində, erməni cəmiyyəti Rusiyadan çox Qərbə üstünlük verir.  Nikol Paşinyanın və komandasının isə  xalqın istəyinə qarşı çıxması ölkədəki birlikdə çat yarada bilər.  Bu baxımdan Paşinyan hakimiyyəti Qərbə istiqamət götürmək arzularını və niyyətlərini açıq şəkildə ifadə etsələr də, yekun qərar qəbul edə bilmirlər. 
  Ermənistan ictimaiyyəti hər nə qədər anti-Rusya mövqeyindən çıxış etsələr də, siyasi dairələr yaxşı bilirlər ki, Qərbin Ermənistana  yardımı  bölgədə  Rusiya  əleyhinə cəbhə yaratmaq xarakterlidir. 
“Zvartnots” beynəlxalq hava limanındakı Rusiya hərbiçilərinin bölgəni tərk etməsi, Türkiyə ilə sərhəddə olan rus sərhədçilərinin Avropa  İttifaqının mülki müşahidə  missiyası iə əvəz olunması, Ermənistanın KTMT-dən  çıxması şərti ilə Qərb silahlarına Ermənistanın əlçatanlığının təmin ediləcəyi vədləri  verilir. 
  Nikol Paşinyan  vaxt qazanmaq üçün KTMT ilə münasibətləri dondurduğunu  qeyd edir, lakin Təşkilatın nizamnaməsində  üzv ölkələrdən hər hansı birinin fəaliyyətini dondurması ilə bağlı  maddə yoxdur. Bu, sadəcə, Paşinyanın növbəti fantaziyalarından biridir. 19-cu maddədə göstərilib ki, hərbi-siyasi blokdan çıxmaq istəyən üzv ölkə 6 ay  öncədən müraciət etməlidir. Ermənistan isə KTMT katibliyinə belə bir müraciət ünvanlamayıb”.
  
Politoloqun fikrincə, Ermənistanın arxasında duran qüvvələr yaxın gələcəkdə Rusiya ilə bağlı daha sərt addımlar atmağa vadar edəcək: 
“Bu yaxınlarda Ermənistanın  Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması Rusiyaya demarşın ilkin  mərhələsi idi. Rusiya prezidentinə qarşı cinayət işinə başlamış bir məhkəməni ratifikasiya etmək faktiki olaraq Rusiyaya qarşı düşmən cəbhəsinə keçmək deməkdir.  Lakin Rusiya hələ də səbr nümayiş etdirməkdədir. Rusiya gözləyir ki, Paşinyanın Qərbdən gözləntiləri özünü doğrultmayacaq və o, yenidən Rusiyaya tərəf meyillənəcək, yaxud uzunmüddətli planda Paşinyanın daha münasib şəxslə əvəz edilməsinə nail olacaq. Qərb isə o qədər də səbrli deyil. Paşinyana verdikləri azacıq dəstəyin əvəzini dərhal tələb edirlər. Bu tələb isə Ermənistanın Rusiyadan birdəfəlik üz döndərməsi və bu istiqamətdə hüquqi addımlar atmasıdır.  Yəni Ermənistan birmənalı olaraq Rusiyanın nüfuz dairəsində olan qurumlardan çıxmalı, rus qoşunlarını ölkədən çıxarmalı, tam qərbyönümlü siyasətə başlamalı və bu istiqamətdə hüquqi addımlar atmalıdır. Lakin  Ermənistan yaxın gələcəkdə Qərbin tələblərinə boyun əyib Rusiyadan uzaqlaşmaqla bağlı real addımlar atacağı təqdirdə Rusiya daha xəbərdarlıq ritorikası ilə danışmayacaq. Təzyiq və təsir rıçaqlarını işə salacaq”.