Natiq Cəfərli: Bakı ilə əməkdaşlıq Rusiya xarici siyasətinin gündəmindədir

Bu, Azərbaycan üçün müsbət haldır və ölkəmiz mövcud vəziyyətdən öz maraqları çərçivəsində istifadə etməlidir  

“Qərbin sanksiyalarına görə, Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığa çox həssas yanaşır və Azərbaycana irad tutula biləcək heç bir əməliyyatda iştirak etmir”


  Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
Rusiyanın baş naziri ölkəsinin  Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu deyib. 
Martın 5-də isə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin arasında görüş keçirilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, hökumət başçıları əvvəlcə təkbətək formatda görüşüblər. Sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Görüşdə tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildirib, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər. Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmalarına və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyətini vurğulayan tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib. Hökumət başçıları qarşılıqlı investisiya fəaliyyətinin genişləndiyini vurğulayıb, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər. Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb. Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında yükdaşımaların həcmi 11 faizdən çox artıb. Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini vurğulayıb, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmir yolları infrastrukturunun təkmilləşdirilməsinin, dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub. Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriblər. Tərəflər həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Qeyd olunub ki, Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir. Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər. Görüşün yekunu olaraq turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.
  Rusiyanın Baş naziri Mişustinin Bakıya səfərini şərh edən“Valday” klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski  isə hesab edir ki,   Moskva tərəfdaş kimi Azərbaycana marağını nümayiş etdirir: “Mişustin Rusiya siyasətinin praktiki həyata keçirilməsində iştirak edir. Onun Bakıya gəlişi ilə Moskva Rusiyanın, həqiqətən də, qlobal əməkdaşlıq sahələrinə malik olduğu Azərbaycanla layihələrin icrasına, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsində mövcud beynəlxalq vəziyyətə maraqlı olduğunu nümayiş etdirir. Bunlar həm də, iqtisadi qarşılıqlı fəaliyyətin digər sahələridir. Azərbaycan Prezidenti Əliyev düşüncəli, siyasi cəhətdən dəqiq lider və diplomatdır. O, çox gözəl başa düşür ki, Rusiya ilə münasibətlər də perspektiv baxımından müsbət inkişaf yolu tələb edir”.
 
 İqtisadçı-ekspert Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanla əməkdaşlıq Rusiya xarici siyasətinin gündəmindədir. Bu, Azərbaycan üçün müsbət haldır və ölkəmiz mövcud vəziyyətdən öz maraqları çərçivəsində istifadə etməlidir:  

"Rusiya ilə Azərbaycan arasında ənənəvi ticarət münasibətləri hər zaman olub. Azərbaycanla Rusiya 90-cı illərdən bəri iqtisadi münasibətləri bir xeyli irəli gedib, idxal-ixrac və ticarət dövriyyəsində kifayət qədər artımlar olub. Lakin iki dövlət arasındakı iqtisadi əməkdaşlıq qarşılıqlı maraq kəsb edən sahələri əhatə edir. Qərbin sanksiyalarını əhatə edən  heç bir sahədə Rusiya ilə əməkdaşlığımız yoxdur.  Ümumiyyətlə,  Cənubi Qafqazda Rusiyadan ən az iqtisadi asılılığı olan ölkə məhz Azərbaycandır. Azərbaycanın  Rusiya ilə ticarət dövriyyəsinə baxanda görürük ki, ixracatda Rusiya heç ilk 10-luğa da daxil deyil. İlk 3-lükdə İtaliya, İsrail və Türkiyədir. İdxalda isə Türkiyə ilə Rusiya  ilk 3-lükdədir.  Rusiyadan daha çox ərzaq məhsulları, tikinti materialları alırıq. Rublun dəyərdən düşməsi isə  idxal olunan məhsulların kifayət qədər sərfəli olmasına gətirib çıxarıb. Lakin onu da deyim ki, Qərbin sanksiyalarından sonra Rusiya ilə iqtisadi münasibətlərində, ticarət dövriyyəsində ən az artımı olan Cənubi Qafqaz ölkəsi məhz Azərbaycandır. Ermənistanda 3,7 dəfə, Gürcüstanda isə 2 dəfə çox artım qeydə alınıb. Azərbaycanda isə cəmi 17 faiz artım müşahidə edilir ki, bu da o qədər böyük  bir rəqəm deyil. Qərbin sanksiyalarına görə, Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığa çox həssas  yanaşır və Azərbaycana irad tutula biləcək heç bir əməliyyatda iştirak etmir. Azərbaycan Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqı və  Avrasiya İttifaqında təmsil olunmur. Bank sistemləri arasında da inteqrasiya yoxdur. “MİR” kartları  Gürcüstan və Ermənistanda işlədiyi halda, Azərbaycanda aktiv deyil”.