Ekspert: İran çox çalışır ki...

Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etsin

“Bakının tələblərinə və şərtlərinə əməl olunmalıdır. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək”


 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki,  görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.Tərəflər yüksəksəviyyəli təmasların genişləndirilməsi, Azərbaycanla İran arasında Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının işinin önəminin, bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər.
  Nazirlər həmçinin Azərbaycanın səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra, səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar.
  İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatı barədə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan öz diplomatlarının tezliklə İrana qayıdacağı istiqamətində işlər görəcəyinə razılıq verib.
Qeyd edək ki, Azərbaycan səfirliyə hücum edən terrorçunun ən sərt şəkildə cəzalandırılmayacağı təqdirdə səfirliyin fəaliyyətini bərpa etməyəcəyini açıqlamışdı. Səfirliyimizə hücum edən terrorçu barəsində birinci instansiya məhkəməsində ölüm cəzası çıxarılıb.

  Azərbaycanla İran arasındakı diplomatik əlaqələrin bərpasını “Sherg.az”a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq  Elxan Şahinoğlunun sözlərinə görə, İran çox çalışır ki, Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini bərpa etsin: 

“Əlbəttə ki, biz də bunu istəyirik. Çünki İran qonşu ölkədir və münasibətlərdə müəyyən suallar olsa da, orada səfirliyin fəaliyyətini davam etdirməsi hər iki tərəf üçün faydalıdır. Digər tərəfdən səfirliyimiz olmadığı üçün erməni lobbisi, diasporu ölkəmiz əleyhinə orada işlər aparır. Lakin bütün hallarda Azərbaycanın qaldırdığı sualların cavabları verilməlidir. Birincisi, terrorçunun məhkəmə işi yekunlaşdırılmalıdır, ikincisi, terrorçunun özbaşına, yaxud başqa birinin əmri ilə hərəkət edib-etmədiyi üzə çıxmalıdır, üçüncüsü isə İran səfirliyimizin təhlükəsizliyinə təminat verməlidir. Çünki terror aktının görüntülərindən də bizə polisin hadisəyə müdaxilə etmək yerinə onu kənardan izlədiyi məlum oldu. Bunlar Azərbaycanda çox ciddi suallar yaradır. Bütün hallarda İran qonşu ölkədir, onunla əməkdaşlıqdan imtina edə bilmərik və dövlətimiz sadaladığımız məsələlərə cavab verilməsi şərti ilə səfirliyin fəaliyyətinin bərpa olunmasına razılıq verər. Digər tərəfdən ötən ilin oktyabrında İranın ərazisindən keçməklə Şərqi Zəngəzur ilə Naxçıvan arasında dəmir yolu xəttinin tikintisi haqqında niyyət protokolu imzalanıb. Fikrimcə, İranın səfirliyimizin açılması istiqamətində təkidlərinin artmasının əsas səbəblərindən biri də budur”. 
 
 İran rəsmisinin fikirlərini “Sherg.az”a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə də hesab edir ki, gec-tez Azərbaycanın Tehrandakı fəaliyyəti bərpa edilməlidir:

 “Azərbaycan və İran qonşu dövlətlərdir. Bəzən düşmən dövlətlər belə səfirliklər vasitəsilə bir-biriləri ilə əlaqə saxlayırlar. Son hadisələr göstərir ki, İran Azərbaycanla olan münasibətlərin yumşalmasının tərəfdarıdır. Azərbaycan tərəfi Tehrandakı səfirliyin fəaliyyətinin bərpası üçün müəyyən tələblərini və şərtlərini ortaya qoyub. İran tərəfi burada üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. İlk növbədə səfirliyin əməkdaşlarının və binanın təhlükəsizliyini təmin etməlidir. Səfirliyə hücum edən şəxs barəsində məhkəmə ədalətli qərar verəndən və bu təxribatı həyata keçirmiş şəxslər və ya təşkilatlar cəzalanandan sonra Azərbaycan tərəfi səfirliyin bərpasına razılıq verəcək. Yəni proseslər bu istiqamətdə dəyərləndirilməlidir. Əgər səfirliyin fəaliyyəti bərpa olunmasa, münasibətlər indiki səviyyədə qalacaq. Diplomatik əlaqələrin bərpasından sonra yenidən hansısa bir təhlükə faktorunun olub-olmayacağı ilə bağlı sualımıza gəldikdə isə hüquq müdafiəçisi qeyd edib ki, əgər İran tərəfi bu təxribatı törətmiş şəxslərə layiqli cəza verərsə, ondan sonra bu təhlükənin dərəcəsi də bir xeyli azalmış olar”.