1915-1920-ci illərdə olduğu kimi, 5 aprel görüşü də "erməni xalqının xilası" üçün qurulmuşdu
"Brüssel görüşü Ermənistana Qərbin əsas aktorları sayılan - ABŞ və Aİ-nin, onların müxtəlif institutlarının açıq müstəvidə dəstəyi idi".
Bu sözləri "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, tarix təkrarlanır, 1915-1920-ci illərdə olduğu kimi, 5 aprel 2024-cü il görüşü də "erməni xalqının xilası" üçün baş tutan görüş idi:
"Yüz il əvvəl olduğu kimi bugünkü gündə də faktiki olaraq eyni beynəlxalq və regional aktorlar erməni mövzusunda birləşərək vahid mövqe ortaya qoydular. Görünən odur ki, 44 günlük müharibə və 19-20 sentyabr antiterror tədbirlərinin yekunları kimi bölgədə formalaşmaqda olan yeni siyasi mənzərəyə qarşı ciddi təzyiqlər bundan sonra artan xətt üzrə davam edəcək. Brüssel görüşü və görüşə bəzilərinin "mülayim" reaksiyası, bəzilərinin isə susqunluğu, kimin harada kimlə olduğunu göstərir. Qərbin bəzi mərkəzlərinin və regional dövlətlərdən bəzilərinin planları Cənubi Qafqazı böyük fəlakətə gətirə bilər. Ətrafımızdakı bütün aktorlar indi öz mövqelərini ortaya qoymalıdırlar".
Analitik vurğulayıb ki, son baş verənlər fonunda Türkiyə, İran, Rusiya, ABŞ, Aİ kimi aktorların Qafqazla bağlı fikir və arzularında uzlaşma və ziddiyyətləri təhlil etsək, ortada maraqlı bir mənzərə formalaşır:
"Bu gün mövqelərini bu və ya digər şəkildə ortaya qoyan uzaqdakı və yaxındakı aktorlar, sabah baş verəcək hadisələr fonunda bütün məsuliyyət yükünü çiyinlərində daşıyacaqlar. Erməni dövlətini aktiv və ya passiv şəkildə dəstəkləyən aktorlar, sabah bu davranışlar fonunda Azərbaycan dövlətinin hansı nəticələr çıxaracağına və hansı adekvat qərarları verəcəyinə hazır olsunlar".