ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini və Amerika-Azərbaycan münasibətlərini müzakirə ediblər.
Blinken telefon danışığında Ermənistanla “gecikmədən” sülhün bağlanmasının vacibliyini qeyd edib, həmçinin ABŞ-ın Bakı və İrəvan arasında gələcək təmasları dəstəkləmək öhdəliyini təsdiqləyib.
Telefon danışığını “Sherg.az”a dəyərləndirən xanım politoloq Aytən Qurbanova bildirib ki, son zamanlar ABŞ-nin Cənubi Qafqaz siyasətində incə redaktələr edərək Azərbaycan ilə əməkdaşlığın önəmininin daha çox vurğulandığını aydın şəkildə müşahidə etmək mümkündür:
“Xüsusilə də, sülh gündəliyinə münasibətdə Azərbaycanın təşəbbüsü ilə əldə olunmuş nailiyyətlərin hər fürsətdə təqdir edilməsi və dəstəklənməsi diqqət çəkən ən önəmli məqamlardan biridir. İyun ayının 20-də ABŞ-nin dövlət katibi Entoni Blinkenin prezident İlham Əliyevə zəng etməsi, müzakirələr zamanı Bakı və İrəvan arasında gələcək təmasların dəstəkləndiyinin növbəti dəfə ifadə edilməsi də buna bariz nümunədir. Düşünürəm ki, ABŞ artıq post-müharibə dövrünün reallıqlarının dəyişilməz olduğunu və Azərbaycan ilə əlaqələrə zərbə vuraraq uğurlu Cənubi Qafqaz siyasətinin mümkünsüzlüyünü qəbul edib. Ona görə də, istər kommunikasiya xətlərinin bərpa olunması, istərsə də enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlığın perspektivlərinə dair gözləntilərin regional təhlükəsizlikdən birbaşa asılı olduğunu davamlı şəkildə verilən bəyanatlarla da ifadə edir. Nəticə etibarilə, “gecikmədən” sülhə nail olmağın labüdlüyünü vurğulayan cənab Blinken də çox yaxşı bilir ki, buna ancaq Azərbaycanın təklif etdiyi prinsiplərin “Ermənistan +”dövlətlər tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsi ilə nail olmaq mümkündür”.