Fransa prezidenti Emmanuel Makron Bakıda keçirilən COP29-da fransız danışıqçılar qrupunun işindən son dərəcə narazı qalıb.
Diplomatik mənbələrdən alınan məlumata görə, Makron Fransa nümayəndə heyətinə Bakıda keçirilən COP29-da konsensus və nəticələrin əldə olunmasının qarşısını almaq barədə tapşırıq verib.
Lakin onun istəyi baş tutmayıb.
Belə ki, COP29 danışıqlarında “Bakı sıçrayışı” adlandırılan sövdələşmə əldə olunub, Böyük Britaniya, ABŞ və Çin onun nəticələrindən razı qalıb.
Fransa və Hindistanı isə nəticə qane etməyib.
Fransanın COP29-un uğurlu alınmaması üçün Parisin və şəxsən Makronun xeyli əvvəldən ciddi səylər göstərdiyi məlumdur.
Daha əvvəl də bildirildiyi kimi, Fransa COP29-un boykot olunması istiqamətində xüsusilə Avropa və Afrika qitəsində ciddi diplomatik səylər göstərmişdi.
Bu səylər nəticəsində Makron Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Almaniya kansleri Şolts və Niderlandın baş naziri Dik Şufun Bakıya gəlməməsinə nail ola bilsə də, Afrika qitəsi onun yedəyində getmədi, COP29-da maksimum geniş şəkildə təmsil olundu.
Makronun bu cür qlobal əhəmiyyətli bir tədbirə şəxsi qərəzlik prizmasından yanaşması onun siyasi fiqur kimi natamamlıq kompleksindən əziyyət çəkdiyinin daha bir göstəricidir. COP BMT-nin tədbiridir, Azərbaycan isə bu tədbirə ev sahibliyi edir. Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Bu, həm də o deməkdir ki, Fransa BMT-nin tədbirlərinin yüksək səviyyədə keçirilməsi, təşkilatın nüfuzunun yüksəldilməsi üçün daha çox səy göstərməlidir. İndiki halda isə Fransanın və konkret onun prezidentinin BMT-yə qarşı sabotaj mövqeyi tutduğunu görürük.
Daha bir məqam isə COP tədbirinin fəlsəfəsi ilə bağlıdır. Məlum olduğu kimi, bütün dünyanın məqsədi COP-da birləşərək, iqlim dəyişmələrinə qarşı birgə mübarizə aparmaqdır. Fransa isə bu məsələdə də qeyri-konstruktiv yol tutaraq, tədbiri boykot etməyə səy göstərib.
Makron bu addımları ilə Azərbaycanın 30 ildən sonra öz torpaqlarını Ermənistanın işğalından azad etməsi ilə heç cür razılaşa bilmədiyini bir daha göstərir. 2020-ci ilin 44 günlük Vətən müharibəsinə qədər - torpaqlarımız işğalda olduğu müddətdə Fransa Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamağa səy göstərib. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra isə bu münasibət tamamilə tərsinə çevrilib.
Həmin vaxtdan Fransa Azərbaycana qarşı ancaq qərəz, kin, nifrət siyasəti yürüdür. Fransanın Ermənistanı silahlandırması, iqtisadi və siyasi səviyyədə hər cür dəstək verməsi, İrəvanı revanşa hazırladığı ortadadır. Ermənistana dəstək məsələsində Hindistan da Fransa ilə eyni xətt yürüdür. Yuxarıda da qeyd olunduğu kimi, Fransa kimi, Hindistan da COP29-da nəticə əldə olunmasından narazı qalıb. Hindistan da Fransa kimi, hazırda Ermənistanı aktiv silahlandırmaqla məşğuldur.
Lakin Makronun səylərinə baxmayaraq, COP29 Azərbaycanın təşkilatçılığı yüksək səviyyədə keçirildi və uğurla başa çatdı. Tədbirdə 198 ölkədən nümayəndələr təmsil olundu, 80 minə yaxın insan tədbirdə qeydiyyatdan keçdi. Bu, COP28-dən sonra ən çox nümayəndənin iştirak etdiyi ikinci belə tədbir idi.
İqlim dəyişmələrindən həm də elə Fransa kimi müstəmləkəçi ölkələrin sayəsində daha çox əziyyət çəkən Afrika qitəsi ölkələri COP29-a daha geniş miqyasda nümayəndə heyəti göndərdi. Bundan başqa, Azərbaycan iqlim dəyişmələrindən əziyyət çəkən kiçik ada dövlətlərinin, Fransa, Niderland və digər ölkələrin müstəmləkə siyasətinin qurbanı olan ölkələrin nümayəndələrinin öz səslərini çatdırması üçün də məkan oldu.
Makronun Azərbaycana qarşı qərəzi isə indiyə kimi olduğu kimi, bundan sonra da nəticəsiz qalacaq.
Fransa prezidenti yürütdüyü siyasətlə onsuz da nüfuzunu gündən-günə itirməkdədir. Artıq fransız xalqı da onun bacarıqsız biri olduğunu başa düşür. Bunu keçirilmiş son sorğu da təsdiqləyir.
Fransanın BFMTV telekanalının sifarişi ilə “Elabe” İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, fransızların təxminən 63%-i hökumətə etimadsızlıq göstəriləcəyi halda, prezident Emmanuel Makronun istefasını zəruri hesab edir.
Ölkə əhalisinin əksəriyyətinin fikri budur ki, hökumətə etimadsızlıq səsverməsi keçirilərsə, bunun məsuliyyəti Makronun üzərinə düşür.
Göründüyü ki, hər keçən gün dünyada və ölkəsində Makronun reytinqi düşməkdədir. Odur ki, Azərbaycana qarşı qərəzli siyasi kombinasiyalar qurmaqdansa, öz nüfuzunun qayğısına qalsa, Fransa prezidenti üçün daha yaxşı olardı.
APA Analytics