Bələdiyyə seçkilərində namizədlik üçün müraciət edənlərin sayı günün sonunadək artıq 2031-ə çatıb. Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Bildirilib ki, bu göstərici 86 seçki dairəsi üzrə 402 bələdiyyəni əhatə edir.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, növbəti bələdiyyə seçkiləri əvvəlkilərdən xeyli fərqlənir:
“Çünki əvvəl 2736 və ya 1606 bələdiyyənin formalaşdırılması üçün səs verirdiksə, hazırda bələdiyyələrin sayını birləşdirmə yolu ilə 685-ə endirmişik. Yanvarın 29-dan sonra formalaşacaq bələdiyyələrin sayı 685 olacaq. Lakin bələdiyyələrin sayının azaldılması seçicilərin üzərinə də müəyyən məsuliyyət yükü qoyur. Sözügüdən proses seçicini daha məsuliyyətli olmağa və işgüzar, xalqın problemlərinə operativ yanaşacaq namizədə səs verməyə sövq edəcək. Bu nəticə etibarilə bələdiyyə sisteminin inkişafına söykənən addım olacaq. Həmçinin bələdiyyələrin sayının azalması namizədlərin sayının kifayət qədər olmasına gətirib çıxaracaq. Bununla yanaşı bir sıra qanunlarda dəyişiklərin olması və bələdiyyənin fəaliyyətinə müsbət təsir edəcək addımların atılması səmərəliliyin artırılmasına öz töhfəsini verəcək. Hesab edirəm ki, bu dəfə seçkilərdə bələdiyyə üzvü olmaq istəyən namizədlərin sayı xeyli çoxalacaq”.