İran Ermənistanın Zəngəzur dəhlizi mövqeyini dəqiq öyrənmək istəyir - ŞƏRH

İran xarici işlər naziri Abbas Əraqçi bu gün İrəvana səfər edib. Açıqlanan səfər proqramına görə martın 24-25-də Əraqçi İrəvanda səfərdə olacaq. O, martın 25-də rəsmi görüşlər keçirəcək. Əraqçinin bunun ardınca ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub. 

Həmçinin İran XİN rəsmisi qeyd edib ki, görüşlərdə ikitərəfli əlaqələr və Cənubi Qafqaz regionunda baş verən proseslər müzakirə ediləcək.

Səfərlə bağlı "Sherg.az"a danışan İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib ki, Azərbaycan-İran-Ermənistan sərhədlərində baş verən proseslər Tehranı narahat edir:

"Görürsünüz İran Xarici İşlər Nazirliyinin sözçüsü də qeyd edib ki, səfər İrəvanın dəvəti ilə baş tutub. Ümumiyyətlə, dövlətlər arasında belə illik və ya adi diplomatik səfərlər keçirilir. Bu da rəsmi səfərdir və qarşılıqlı görüşlər çərçivəsində baş verir. Lakin belə səfərlərin zamanlaması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, regiondakı hadisələri nəzərə alaraq, səfərə qiymət vermək və təhlil aparmaq lazımdır. Səfərin baş verdiyi dövrdə Cənubi Qafqazda mühüm proseslər gedir. Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişlər var. İran da bu prosesləri diqqətlə izləyir və müəyyən məsələlərlə bağlı mövqeyini ifadə edir. Xüsusilə Azərbaycan-İran-Ermənistan sərhədlərində baş verən proseslər Tehranı narahat edir. Son vaxtlar Ermənistanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri mətbuatda yer alıb. Bununla bağlı fərqli iddialar irəli sürülsə də, İran hesab edir ki, Ermənistan öz ərazisindən ABŞ-nin İrana qarşı hər hansı bir hərbi fəaliyyətinə icazə verməyəcək. Eyni zamanda, ABŞ-nin nə Ermənistandan, nə də Azərbaycandan İrana qarşı hərbi fəaliyyət üçün istifadə edəcəyini düşünmür. İran üçün əsas prioritetlərdən biri Ermənistanla münasibətləri inkişaf etdirmək və bu ölkədən öz təhlükəsizliyinə hər hansı bir təhdidin gəlməsinin qarşısını almaqdır. Azərbaycan və Ermənistan arasında sülh prosesi tamamlanarsa, bu, regionda stabilliyə töhfə verəcək. Türkiyə və Ermənistan arasındakı münasibətlərin gələcəyi də bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi məsələsinə gələndə isə bu  mürəkkəb olaraq qalır. Ermənistan bu məsələdə birmənalı mövqe sərgiləmir və alternativ yolların müzakirə olunduğu bildirilir. İran üçün əsas məqam regiondakı balansın necə dəyişəcəyidir.  Gələcək hadisələrin inkişafı bu proseslərin istiqamətini müəyyənləşdirəcək".

Politoloq Sədrəddin Soltan isə hesab edir ki, İranı ən çox narahat edən məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır: 


"Tehran bu məsələyə "qırmızı xətti" kimi yanaşır və hesab edir ki, dəhlizin fəaliyyətə başlaması Azərbaycanın regionda strateji mövqeyini gücləndirəcək. İran həmçinin iddia edir ki, bu proses Ermənistanın ərazi bütövlüyünü poza bilər. Lakin Azərbaycan və beynəlxalq ictimaiyyət bu fikirləri əsassız hesab edir. Çünki Zəngəzur dəhlizi Ermənistanın da iqtisadi maraqlarına xidmət edir və onun regional əlaqələrini genişləndirə bilər. Zəngəzur dəhlizinin açılması İranın Cənubi Qafqazda təsirini azalda bilər. Çünki bu layihə Türkiyə, Azərbaycan və Orta Asiya ölkələrinin iqtisadi və nəqliyyat əlaqələrini gücləndirəcək. Nəticədə İran regionda ikinci dərəcəli oyunçuya çevrilə bilər. Buna görə də Tehran Ermənistanın Zəngəzur dəhlizinə razılıq verməməsi üçün müxtəlif diplomatik və siyasi vasitələrdən istifadə edir. Digər tərəfdən, İran Cənubi Qafqazda sülh prosesini və Azərbaycan-Ermənistan arasında mümkün sülh müqaviləsini dəstəklədiyini bildirir. Bununla belə, Ermənistanın Qərbə yaxınlaşmasından, xüsusilə NATO və Avropa İttifaqı ilə əlaqələrini genişləndirməsindən narahatdır. Tehran hesab edir ki, bu cür tendensiyalar regionda qüvvələr balansını poza bilər. İran və Ermənistan arasında müzakirə ediləcək digər mühüm məsələlərdən biri ABŞ-nin Ermənistana göndərdiyi hərbi texnologiya ilə bağlıdır. Tehran bu məsələnin perspektivdə Ermənistan ərazisindən ona qarşı hərbi təhlükə yaradacağından ehtiyatlanır. Bu səbəbdən İran rəsmiləri bu mövzunu rəsmi İrəvanla müzakirə etməyə çalışır. Bundan əlavə, İran Ermənistanın Azərbaycanla sülh müqaviləsinə münasibətini və bu prosesin gələcəyini öyrənmək istəyir. Tehran bu kontekstdə Ermənistanın mövqeyini dəqiq anlamağa çalışır".