Analitik: Kreml Azərbaycana qarşı məqsədli siyasət yürüdür

Rusiya sözdə “normallaşma” deyir, əməldə isə əksini edir
Samir Əsədli: “Azərbaycan üçün dostluq qarşılıqlı hörmət üzərində qurulmalıdır”
“Rəsmi Moskva və Bakı ölkələr arasında münasibətləri yaxşılaşdırmaq üzərində işləyir”. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. Rusiya rəsmisinin sözlərinə görə, hökumətlərarası komissiyanın ötən gün keçirilən iclasında hər iki tərəf iqtisadi sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb: "Rusiya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir". Overçuk əlavə edib ki, tərəflər münasibətləri yaxşılaşdırmaq üçün çalışırlar. Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa da Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib. Deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə: "Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstənilən halda istiləşmə qaçılmazdır. Bu, sadəcə zaman məsələsidir. Sual yaradan məqamlar var, amma yavaş-yavaş hamısı həll ediləcək".
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, Rusiya rəsmilərinin son açıqlamaları, istər baş nazirin müavini Aleksey Overçukun, istərsə də Dövlət Dumasının üzvlərinin bəyanatları sadəcə diplomatik görüntüdür. Siyasi şərhçinin qənaətincə, rəsmilər "Moskva ilə əlaqələrin normallaşmasını istəyir" kimi ifadələr səsləndirsələr də, faktlar bunun tam əksini sübut edir: 
"Əvvəla, Azərbaycan-Rusiya münasibətlərinin son illərdə soyumasının başlıca səbəbkarı Rusiyadır, Azərbaycan deyil. Kremlin təyyarəmizi Rusiya hava məkanında vurması ilə başlanan və getdikcə artan anti-Azərbaycan siyasəti bunun bariz nümunəsidir. Əgər Rusiya doğrudan da, Azərbaycanla normal münasibətlərin tərəfdarı idisə, bu vaxta qədər baş vermiş hadisəyə görə rəsmən üzr istəməli və günahkarları cəzalandırmalıydı. Bunun əksinə olaraq təyyarə terrorunun ardınca Rusiya ərazisində yaşayan minlərlə azərbaycanlı soydaşımız əsassız olaraq vətəndaşlıqdan məhrum edilir. Çox sayda diaspor nümayəndəsi həbs olunur, iş adamlarımızın biznes fəaliyyətinə süni maneələr yaradılır". 
S.Əsədliyə görə, bütün bunlar təkcə təsadüfi hadisələr deyil, Kreml tərəfindən məqsədli şəkildə həyata keçirilən, Azərbaycanı zəiflətməyə, iqtisadi və ictimai-siyasi təzyiqlərlə diz çökdürməyə yönəlmiş siyasətin tərkib hissəsidir:
 "Moskvanın sözləri ilə əməlləri arasındakı dərin ziddiyyət də məhz bundan qaynaqlanır. Bir tərəfdən “dostluq və strateji əməkdaşlıq”dan danışırlar, digər tərəfdən isə real həyatda azərbaycanlıların hüquqları pozulur, dövlətimizə qarşı açıq-aşkar ədalətsiz addımlar atılır. Bu gedişlə necə inanmaq olar ki, Rusiya doğrudan da əlaqələrin normallaşmasını istəyir?! Bütün bunlar göstərir ki, Rusiya rəhbərliyi sadəcə sözlərlə "normallaşma"dan danışır, amma əməldə əks istiqamətdə hərəkət edir".
Ekspertin fikrincə, Kreml tərəfindən yaradılan problemlər aradan qaldırılmadan heç bir "normallaşma"dan danışmaq mümkün deyil: 
"Əksinə, Moskva münasibətləri düzəltmək yox, onları daha da pisləşdirmək üçün hər şeyi edir. Azərbaycanın mövqeyi birmənalıdır. Kim ölkəmizə qarşı haqsız mövqe tutursa, biz ona qarşıyıq. Azərbaycan heç vaxt boyunduruq altında yaşamayıb və yaşamayacaq. Bizim üçün dostluq qarşılıqlı hörmət və bərabərlik üzərində qurulmalıdır. Əgər Moskva bu prinsipləri qəbul etməsə, Azərbaycan üçün belə "dostluğun" heç bir dəyəri yoxdur. Rusiya isə təəssüf ki, hələ də dostluq və əməkdaşlıq siyasəti deyil, təzyiq və hegemonluq siyasəti yürüdür".