Vəkili Fədayə ilə "Qoca" arasındakı münasibətdən danışdı


Fədayə Laçının vəkili Türkel Süleymanov Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlər qarşısında açıqlama verib. Konfransa yalnız az sayda mətbuat və media nümayəndləri dəvət edilib.

Lent.az -ın məlumatına görə, vəkil Türkel Süleymanov xanım müğənninin məhkəmə prosesinin əsassız səbəblərlə təxirə salındığını bildirib:

"İndiyə qədər artıq 12-ci dəfədir ki, təxirə salınıb. Bunların heç biri üçün konkret dəqiq səbəb göstərilməyib. Artıq mənə məhkəmənin təxirə salınması barədə məlumat gələndə ciddiyə almıram, gülürəm. Hələ də dəqiq bilinmir ki, ayın 30-na təyin olunan məhkəmə necə olacaq. Bəlkə yenə təxirə salınacaq? Buna artıq son qoyulmalıdır. Media nümayəndələrinin dəstəyi ilə Ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edib məsələni ciddi nəzarətə götürməyini xahiş edəcəm. Fədayə xanım artıq neçə ildir ki, Hepatit C xəstəliyindən əziyyət çəkir. Ağır tale yaşayıb. Fədayə Laçının azadlığa çıxması üçün bundan əvvəl bir neçə müğənni də cənab prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Fədayə xanım kimi sadə adam hələ indiyə qədər görməmişdim. Hələ də Fədayə xanımın cinayəti təsdiq olunmayıb. Digər tərəfdən Etibar Məmmədov ("Qoca") qaçdığı andan ölümünə qədər Fədayə xanımla heç bir əlaqə saxlamayıb. Bu da onlar arasında sıx əlaqə olmadığını sübut edən amildir. Bir sözlə, heç bir sübut olmadan Fədayə Laçına hökm oxunub. Sübutlar yetərsiz olduğu üçün ona bəraət verilməlidir".