Müğənnilərə sərt təpki: Evinizin ayaqyolusunda mahnı oxumalı olacaqsınız

Türkiyədə şou-biznes aləmində təlatüm davam edir. Vergidən yayınmaya görə barəsində istintaq başladılan sosial media fenomenləri Dilan və Engin Polatın ardınca sosial mediadakı digər bir çox məşhurlar da istintaqa cəlb edilib. Bu durum şou-biznesdəkilərin də kürkünə birə salıb. TV8-də yayımlanan “2-ci səhifə” proqramına qonaq olan məşhur müğənni Yılmaz Morgül həmkarlarına qarşı sərt çıxış edib. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Yılmaz Morgül həmkarlarına xitabən “bu gedişlə ancaq evinizin ayaqyolusunda mahnı oxumalı olacaqsınız. Başqa heç bir yerdə sizə səhnə verən olmaycaq”, söyləyib. Müğənni ifaçılarn, məşhur müğənnilərin gəlirlərinin və vergi borclarının araşdırılmasını tələb edib: “”Laz qızı” adıyla tanınan qadın tiktokda 1 saatın içində 100 min TL pul qazanırdı. Şübəhli şəxs qismində saxlanıldı. Digərləri də şübhəlidir. Onlara da növbə çatacaq. “Laz qızı” adı altında paylaşımlar edirdi, Qaradənizli qadınları yerdən-yerə vururdu. Rəzalətdir! Onları izləyənlər də eyni xarakterli insanlardır. Əxlaqsız insanları necə bəyənirlər, “bəyənmə” işarəsi qoyurlar, təəccüb edirəm. Uşaqları, nəvələrinizi də korlayır bunlar. Uşaqlar məktəbə getmək istəmir, işləmək istəmirlər. Deyirlər ki, a, bunlar baxın necə pullar qazanır. Dollarlardan başlarına tac qoyurlar. Təhsil almaq, işləmək nəyimizə gərəkdir?!. Amma bu, pul qazanmaq yolu deyil, dostlar”. Yılmaz Morgül deyib ki, kimlərinsə ehtişamlı yaşayışı onu əsla narahat etmir: “Mən alnımın təriylə qazanıram. Sadə evim var, avtomobilim yoxdur, avtobusa minirəm. Mən səhnəyə çıxmazdan öncə vergi məmurları gəlir. Bütün vergiləri, sığorta haqlarını ödəyirəm. Amma bizim şou-biznesdə trilyonlar qazananlar var. Onların adı vergi ödəyiciləri siyahısında yoxdur. Bunlar araşdırılmalıdır. Hər il Yeni il gecəsi konsertləri üçün hansı müğənninin nə qədər pul aldığı yazılır. Bu pullar hardan, necə verilir onlara? Və onlar aldıqları pullara görə vergi ödəyirlərmi? Vergi məmurları bir baxsın, araşdırsınlar”.