Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 1918-ci ilin martında keçirilmiş Trabzon konfransında iştirakına dair maraqlı görüntülər paylaşılıb. Həmin vaxt M.Ə.Rəsulzadənin cəmi 35 yaşı olub. Bu konfransdan 2 ay sonra müsəlman şərqinin ilk modern dövləti İstiqlaliyyətini bəyan edib. Xarici mediaların arxivində Cumhuriyyət banisinin xeyli video və digər materialların olduğu iddia olunur. Həmin tarixi görüntü və sənədlərin ölkəmizə gətirilərək arxivləşdirilməli olduğu bildirilir.
Mövzu ilə bağlı “Şherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu belə bir arxivin vacibliyindən bəhs edib:
"Belə görüntülər əlbəttə ki var. Lakin geniş axtarışların aparılması üçün dövlət və Mədəniyyət Nazirliyi dəstək verməlidir. Sırf bu işi bilən insanları tapmaq və onlara maliyə ayıraraq xarici arxivlərə göndərmək lazımdır.
Mən özüm Türkiyə ,Almaniya və Rusiyada səthi axtarışlar aparmışam və foto tapıntılarına rast gəlmişəm.
Təkcə M.Ə.Rəsulzadənin deyil, Azərbaycanla bağlı çox sayda fotolar, görüntülər və sənədlər müxtəlif ölkələrin arxivlərində mövcuddur.
Azərbaycan tarixi ilə bağlı işlərin araşdırılmasına və sənədlərin ölkəmizə gətirilərək arxivimizə yerləşdirilməsinə dəstək vacib məsələdir."