Tarix dərsliklərinə Qərbi Azərbaycanla bağlı xüsusi bölmələrin daxil edilməsi təklif olunur. Bu təkliflə Milli Məclisin deputatı Sevinc Hüseynova parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə çıxış edib. Onun sözlərinə görə, Azərbaycan xalqının başına gətirilən bütün bəlaların öyrənilməsi üzərində işlər davam etdirilməli və gənclərə tarix dərindən çatdırılmalıdır:
“Bu baxımdan tarix dərsliklərinə Qərbi Azərbaycanla bağlı xüsusi bölmələrin daxil edilməsi vacib məsələdir. İstər orta məktəblərdə, istər ali təhsil ocaqlarında bunun tədrisi mühüm əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanda yaşayıb yaradan xalqımız, onların mübarizəsi haqqında biliklərin gənc nəslə çatdırılması önəmlidir”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, tarix dərsliklərində İrəvan, Qarabağ və digər xanlıqlar haqqında informasiya verilir:
"Bağlanmış müəyyən sülh müqavilələr və ölkələr arasında bölüşdürülməsi ilə bağlı məlumatlar var. Ancaq konkret olaraq bölgə üzrə ayrıca bir dərslik kimi tədris edilmir. Qarabağ tarixi ilə əlaqədar müvafiq dərslər keçrilir. Eyni ilə Azərbaycanın qərb hissəsi haqqında da Azərbaycan respublikasının vətəndaşlarının məlumatlanması vacibdir. Düşünürəm ki, həmin ərazilərin tarixi, əhalisi və məşğuliyyəti barədə bilgilər dərsliklərdə verilməlidir. Tarixən bəllidir ki, Azərbaycan əraziləri yadellilərin qəsbkar hücümlarına məruz qalıb. 1813-1828 ci il müqavilələri əsasında Ermənistan formalaşıb. Ermənistan adlı bir dövlər Qafqaz zonasında olmayıb. Bu təklif tezliklə həyata keçirilməlidir".