“Dövlət sifarişli plan yerlərinin sayı artırılıb”

Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı təkliflər hazırlanan zaman dövlət sifarişinin artırılması məsələsinə diqqət çoxaldılır. 2020-ci ildə əvvəlki ilə nisbətən tələbə qəbulu proqnozu 2,3 faiz, dövlət sifarişi isə 7,13 faiz artıb.

Proqnoz yerlərin 84,5 faizi dövlət, 15,5 faizi isə özəl ali təhsil müəssisələrinin payına düşüb. 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin 50,1 faizi dövlət sifarişi ilə təhsil almaq hüququnu əldə ediblər. 2020-2021-ci tədris ili üzrə dövlət sifarişi əsasında qəbul planı cəmi 2601 yer (bakalavr – 2207 yer, magistratura – 208 yer, rezidentura  - 186) və ya 10,8 faizə yaxın artırılıb.



“Sherg.az”la həmsöhbət olan təhsil eksperti Kamran Əsədov da son illər ali təhsil müəssisələrinə qəbul olanların sayının artdığını söyləyib:

“Həm də dövlət sifarişli plan yerlərinin sayında da kəskin dəyişiklik var. Azərbaycanda 2010-ci ildə 29 min plan yeri vardısa, indi 44 mindir. Bu kifayət qədər uğurlu rəqəmdir.

Eyni zamanda 2018-ci ildə ali təhsil müəssisələrinə 43 min plan yerinin 12 mini dövlət sifarişli idi. Ötən il isə ümumi plan yerinin 50 faizi ödənişsiz oldu.

Bu gün ali təhsil müəssiələrində hər iki tələbədən biri dövlət sifarişli təhsil alır. Həm də Azərbaycanda təhsilin əlçatanlığı bir çox ölkələrə nisbətən daha yaxşıdır. Beləliklə, təhsilin əhatə dairəsi də genişlənir.

Bunun sayəsində əmək bazarında daha yüksək hazırlıqlı, bacarıqlı şəxslər çalışar. Daha çox şagirdin yüksək göstəricilərlə universitetə qəbul olunması üçün bu tendensiya artırılmalıdır”.