Gənclərə böyük şans tanındı

Azərbaycan təhsil tarixində bir ilk yaşanacaq

İndi peşə təhsili müəssisəsində hər kəs biliyinə yox, bacarığına uyğun qiymətləndiriləcək

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, sərəncamın 1.4-cü bəndində edilən dəyişikliyə əsasən, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat, akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat təqaüd veriləcək. Qeyd edək ki, bundan əvvəl peşə təhsili müəssisələrinin tələbələrinin təqaüdləri 50 manat idi.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanın təhsil tarixində ilk dəfədir ki, peşə təhsil müəssisələrinə biliyin dərəcələr üzrə qiymətləndirilməsi tətbiq edilir. Ekspert qeyd edib ki, indiyədək orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr stabil təqaüd alırdılar: 

“Bütün tələbələrə vahid təqaüd verilirdi. Onların biliyindən, bacarığından asılı olmayaraq, vahid qiymətləndirmə standartları tətbiq edilirdi. İndi isə tamamilə fərqli yanaşma tətbiq edilir. Belə ki, indiyədək Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr, magistratura pilləsində, eyni zamanda orta ixtisas müəssisələrində təhsil alan tələbələrin bilikləri müvafiq olaraq, əlaçı, zərbəçi və adi təqaüdə uyğun olaraq qiymətləndirilirdi. İndi isə mexanizm tamamilə fərqli olacaq, bu o deməkdir ki, Azərbaycan peşə təhsili müəssisələrinə kredit sistemi, kurikulum sistemi tətbiq ediləcək. Eyni zamanda təhsil alan şəxslərin bilikləri müvafiq olaraq qiymətləndiriləcək. İndiyə qədər ali məktəblərdə, kolleclərdə tələbələr biliyinə görə qiymətləndirilirdisə, artıq Prezidentin bu sərəncamı ilə peşə təhsili alanlar da eyni şəkildə qiymətləndiriləcək. Əvvəllər peşə təhsili alanların qiymətlərində bal sistemi yox idi, onlara ancaq məqbul qoyulurdu. Yeni qərar o deməkdir ki, artıq peşə təhsilində də kredit sistemi tətbiq ediləcək. Yəni siz əmək fəaliyyəti ilə məşğulsunuz, avtomobil düzəldirsiniz və ya boyaçısınız, bağbansınız, aşpazsınız, buna görə qiymətləndiriləcəksiniz və qiymətə uyğun da təqaüd alacaqsınız. Bu, peşə təhsili sistemində yenilikdir və indiyə qədər Azərbaycanda olmayıb. Ümumiyyətlə, peşə məktəbində elə sahələr var ki, onların biliklər vahid şəkildə qiymətləndirilə bilməz. İndi peşə təhsili müəssisəsində hər kəs biliyinə yox, bacarığına uyğun qiymətləndiriləcək. Bu da kifayət qədər yeni bir mexanizmdir. Ümumillikdə, Azərbaycan təhsili sistemində peşə təhsilinə marağın artırılması çox müsbət bir addımdır”.

K.Əsədov qeyd edib ki, yeni sərəncam peşə təhsilinə olan marağı artıracaq: 

“Bəzi peşələr var idi ki, əvvəllər gənclərimiz ora getmirdilər. İndi həmin peşələrdə oxuyarkən, kifayət qədər yüksək təqaüd alacaqlar. Daha dəqiq desək, onların təqaüdləri göstərdikləri performansa uyğun olaraq qiymətləndiriləcək. Bu da gənclərin peşəyə meyillənməsinə müsbət təsir göstərəcək. Çünki son illər Azərbaycanda peşə təhsilinə ciddi maraq azalmışdı. Son 6 il ərzndə peşə təhsili müəssisələrinin yaradılması, eyni zamanda müasir avadanlıqların peşə təhsilinə gətirilməsi gənclərin marağını artırıb. Digər yandan, ölkə prezidenti tərəfindən xüsusi təqaüdlərin ayrılması və bunun dərəcələrə, kateqoriyalara görə verilməsi gənclərin peşə təhsilinə marağını çox yüksək səviyyədə artıracaq. Qeyd edim ki, peşə təhsili əmək bazarında daha çevik kadrları qəbul edir. Ona görə də təqaüdlərin artırılması bu istiqamətdə stimullaşdırıcı addımdır”.