Məktəbli forması ajiotajı!-  Niyə direktorlar  valideynləri məcbur edirlər? -  Nöqtə qoyulsun!


“Hazırda valideynlər etirazlarında haqlıdırlar. Valideynləri məktəbli forması almağa məcbur edən direktorlar araşdırılıb tapılmalıdır”

Bu gün məktəbli forması almaq istəyən valideynlər Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaradıb. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bu barədə  oxu.az-a açıqlama verib. Şöbə müdirinin sözlərinə görə, hazırkı  izdihamda əsas günahkarlar məktəb direktorlarıdır:

 “Direktorlar valideynləri məcbur edirlər ki, uşaqları məktəbə mütləq forma ilə gətirsinlər. Bir fabrik hamını necə təmin etsin? Nazir də bildirib ki, bu tövsiyə xarakterlidir. Camaatı belə təşvişə salmaq olmaz. Bizim burda heç bir günahımız yoxdur”. 

Təhsil eksperti Nadir İsrafilov məsələ ilə bağlı  “Sherg.az”a danışarkən bildirib ki, bu problem olduqca dərindir:

 “Vahid məktəbli formasının tətbiqində əsas məqsəd nizam-intizam, sosial bərabərasizliyin aradan qaldırılmasıdır. Nazirlər Kabineti vahid məktəbli forması haqqında müvafiq qərar qəbul etdi. Qərar 2020-ci ildən həyata keçirilməli idi. Təəssüflər olsun ki, pandemiya imkan vermədi. 

Qərara alındı ki, bu qayda 2022-2023-cü ildən tətbiq olunsun. Vaxt gəldi, vədə yetişdi artıq həmin ildir. İndi BTE özü çatdıra bilmədiyini, 

Rusiyadan safariş olunan parçaların hələ də ölkəyə gəlib çıxmadığını bəyan etdi. Bu səbəbdən onlar  hazırda yalnız ibtidai sinifləri forma ilə təmin edə bilərlər. Yuxarı siniflərə isə forma ilə bağlı məcburiyyət yoxdur. Bir halda ki, Nazirlikdən rəsmi şəkildə belə bir açıqlama verilib məktəb direktorlarına nə olub? Onlar niyə valideynləri məcbur edirlər? 

Hazırda valideynlər etirazlarında haqlıdırlar. Valideynləri məktəbli forması almağa məcbur edən direktorlar araşdırılıb tapılmalıdır. Məsələyə biryolluq nöqtə qoyulmalıdır. Ümumiyyətlə, məktəbli formasına görə hansısa şagirdi məktəbdən kənarlaşdırmaq yolverilməzdir. 

Real vəziyyəti, insanların büdcəsini nəzərə almaq lazımdır. Bu mövzuda valideynlərə təzyiq göstərən məktəb nümayəndələri ciddi şəkildə cəzalandırılmalıdır.  Elə ailələr var ki, bu il məktəbə üç uşaq yola salacaq. İndi onlar nə etsin? İşin maddi tərəfini diqqətdə saxlmaq lazımdır.

 Ötən illərdə Milli Məclisdə aztəminatlı, qazi, şəhid ailələrinin övladlarının pulsuz məktəbli forması ilə təmin olunması məsələsi qaldırıldı. Amma nəticəsiz qaldı. Bu məsələni də yenidən gündəmə gətirmək lazımdır” .