“Nə tədris var, nə də təlim” – Şagirdlər arasında zorakılıq

"Maarifçilik funksiyası missiyası ilə məşğul olan məkanda bu cür hadisələrin yol verilməsi problemdir".

Bunu "Sherg.az"a təhsil eksperti Elmin Nuri orta məktəbdə sinif yoldaşlarının məktəbli qızı vəhşicəsinə döyməsindən danışarkən deyib. Onun sözlərinə görə, müəyyən mental dəyərlər, şərq, müsəlman cəmiyyətinə xas olan prinsiplərdən çıxış edərək, qızların bu cür hərəkət etməsini nadir hallarda görürük:

"Belə qeyri-etik davranışları xanımların sərgiləməsi ikiqat yolverilməzdir. Nəzərə almalıyıq ki, yeniyetməlik dövrünü yaşayan şagirdlərin qarşı tərəfə münasibətində müəyyən qədər problemlərin olması təbii haldır. Bu müddət ərzində evdə valideyn, məktəbdə isə müəllimlər uşaqlara anlayış göstərməli, övladlarını aqressivləşərək, yol verdikləri xətalardan çəkindirmək lazımdır. Şagirdlər atdıqları yanlış addımlardan bir növ islah edilməlidir. Əlbəttə, ilk növbədə, günahkar şagirdlərin özləridir. 


Yaş dövrü, yeniyetməlik deyib, keçmək olmaz. Hər halda ağlı başında, özlərini idarəetmə qabiliyyətinə malik olan iki yeniyetmə qız döyməli deyildi. İkinci təqsirkar isə valideyn və məktəb kollektividir. Valideynlərin qız övladları, müəllimlərin öz şagirdləri ilə münasibətləri xüsusi, düşünülmüş proqram çərçivəsində olmalıdır. Onlarla yaxın dost, dəstəkçi kimi yol göstərmək xarakteri daşımalıdır. Bu gün şagirdlərlə onların valideynləri arasında anlaşılma baxımından bir uçuruma rast gəlinir. Bu gün Azərbaycan məktəbi nə doğru-düzgün tədris, nə də təlim-tərbiyə funksiyasını həyata keçirir. Məktəblərimiz təlim-tərbiyə prosesində çox da aktiv işləmir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ötən ilin sonunda davranış qaydalarını təklif etdi. Lakin hələ də bütün məktəblərdə tətbiq olunmayıb. Baş verənlər göstərir ki, həmin davranış qaydalarının tətbiqinə bütün məktəblərdə ehtiyac var. Bundan başqa, məktəblərdə psixoloqlar öz işini doğru-düzgün yerinə yetirməlidir. Orta təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqların böyük əksəriyyəti işinə formal yanaşır. Onların iş prinsiplərinə ciddi əlavələr edilməlidir. Onların işinə monitorinqlər həyata keçirilməlidir".

Qeyd edək ki, sinif yoldaşları məktəbli qızı vəhşicəsinə döydü. Hadisə mayın 22-də paytaxtın Lökbatan qəsəbəsində 233 saylı orta məktəbdə baş verib.