Təhsilimizin ən böyük çatışmazlığı dərs mühitinin olmamasıdır

Sentyabrdan bütün məktəblərdə yeni qaydalar tətbiq olunacaq

Bunlar elə məsələlərdir ki, səhv addım atmaq olmaz

 Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev qeyd edib ki, tədris ilində 300 məktəbdə pilot layihə kimi tətbiqinə başlanılan şagird davranış qaydaları ilə bağlı monitorinqlər keçirilir, hesabatlar toplanılır. Onun sözlərinə görə, yay tətili zamanı  qaydaların yekun versiyası təsdiq olunacaq, sentyabr ayından etibarənsə bütün məktəblərdə yeni qaydalar tətbiq olunacaq. 
  Şagirdlərin yenilənən davranış qaydaları nədən ibarətdir? Qaydaların pilot layihə olaraq tətbiqinə başlandıqda bu barədə məlumat verilmişdi.  Bildirilirdi ki, davranış səviyyələri və qayda pozuntularının ağırlıq dərəcəsini müəyyənləşdirən bölmələr tövsiyə edilən korreksiya tədbirləri, rəğbətləndirmə tədbirləri və əsas terminlərin izahı bu sənəddə öz əksini tapıb. Yeni qaydalar 6 bölmədən ibarətdir. 
- Davamiyyət və punktuallıq;
- Geyim və xarici görünüş;
- Təhlükəsizlik məsələləri;
- Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi;
- Ümumtəhsil müəssisəsinin əmlakı və şəxsi əşyalarına qayğı;
- Etik davranışlar. 
  Qeyd edək ki, şagirdlərin davranış qaydaları ilə yanaşı “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təliimat” da hazırlanıb. Bir sözlə, nazirlik həm şagirdləri ipə-sapa yatırtmağı qarşısına məqsəd qoyub, həm də valideynlərlə məktəbin münasibətlərini normallaşdırmağı. Daha burada nə nəzərdə tutulur, nəyə istinad edilir, gələcək göstərəcək.   

Lakin məsələ qadağalardısa, fikirlər haçalanır. Qadağaları doğru sayanlar da var, təqdir etməyənlər, bunun təhsilin və şagirdlərin ziyanına olacağında israr edənlər də. Məsələn, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bu fikirdədir ki, məktəblərdə qoyulan qadağalar çox əhəmiyyətsizdir və bu, Azərbaycan xalqının arzuladığı təhsil deyil: “Məktəblərdə qoyulan qadağaları doğru hesab etmirəm. SSRİ-də atom bombası layihəsinin elmi rəhbəri, akademik Yuli Xariton deyirdi ki, elmdə, təhsildə qadağalar olmaz, amma hərbidə olar. Elm-təhsil hərb deyil ki, orada hər şey qadağalarla olsun. Məktəbə ona görə pul ayrılır ki, uşaqlara faydalı, effektli tədris verilsin. Yoxsa qadağan etmək nədir? Çox əhəmiyyətsiz bir şeydir. Problem varsa, kökünü tapıb həll etmək lazımdır. Bunun səbəbini hüquqşünas, iqtisadçı heç vaxt bilməz. Nəyi, necə etmək lazım olduğunu yalnız pedaqoqlar bilər”. 
 
 Sosioloq, təcrübəli pedaqoq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, cəmiyyətdəki fikir ayrılıqlarına səbəb Elm və Təhsil Nazirliyinin qadağaları əsaslandıra bilməməsindədir: 

- Təhsil Nazirliyini başa düşürəm, valideynləri də, özünü təhsil eksperti adlandıranları da. Hər kəs öz mövqeyində haqlıdır. Həm də haqsızdır. Problem bundadır ki, ortada metodoloji cəhətdən səhv yanaşma mövcuddur. Azərbaycan təhsilinin ən böyük çatışmazlığı dərs mühitinin olmamasıdır. Bunu təmin etmək üçün də lazımi səviyyədə təcrübə çatmır. Bunlar elə məsələlərdir ki, səhv addım atmaq olmaz. Lakin görürük ki, ard-arda səhv addımlar atılır, nəticə etibarilə bütün səhvlər toplaşıb təhsil sistemimizi bərbad hala salıb. Artıq bir neçə onillikdir, tövsiyə olunur ki, cəmiyyətə “bunu et, bunu etmə” prinsipini diktə etmək doğru yanaşma deyil. Hazırda 20-30 il əvvəlki idarəetmə üsulu ilə idarə etmək mümkün deyil. Sosial həyatın istənilən bir sahəsində, o cümlədən təhsildə uğur qazanmaq üçün o sahədə elə vəziyyət yaradılmalıdır ki, mövcud potensial üzə çıxsın və o sahə özü hərəkətə keçsin. Nazirlik izah edə bilmir, əsaslandıra bilmir ki, niyə məktəbli qız saçlarını çiyinlərindən aşağı salmamalıdır, niyə dar, qısa geyimdə, qulağında sırğa, qolunda bahalı saat, üzü saqqallı məktəbə gəlmək olmaz və sair. Nazirlik əvvəlcə ictimai fikri hazırlamalıdır ki, obyekt hərəkətə gəlsin və özü prosesə qoşulsun və prosesə kömək etməyə başlasın. Təhsil Nazirliyi qaydaları tətbiq etməzdən öncə, şagirdlərə “niyə sən bu formanı geyinməlisən”i anlatmalıdır. Baxın, Qori seminariyasında cəmi 7 sinif olub. Amma bu seminariyada dahilər yetişib. Çünki orda həqiqi təhsil mühiti vardı. Qori seminariyasının tələbələri vahid geyimdə idilər. Davranış qaydaları da çox sərt idi. Amma bu, tələbələrin yüksək savad almasına mane olmurdu. Mən qətiyyən bu fikirdə deyiləm ki, orta və ya ali məktəblərdə sərt qaydalar tətbiq edilməlidir. Xeyr, təhsil müəssisəsində elə bir mühit olmalıdır ki, şagird özünü şagird, tələbə də tələbə kimi hiss etsin və buna uyğun davransın. Bunun üçün də təhsil mühitinin sağlamlaşmasına xidmət edəcək qaydalar tətbiq edilməlidir. Bura geyim də daxildir, şagirdlərin, müəllimlərin davranışı da. Məktəb təlim və tədris ocağıdırsa, şagirdə təhsillə yanaşı, davranış qaydalarını da öyrətməli, insan yetişdirməlidir.