Gələcəkdə işsiz qalmaq da var 

Ona görə daha perspektivli ixtisaslara üstünlük verilməlidir

Valideynlər də, abituriyentlər də ixtisas seçimi ilə bağlı mütəxəssis rəyi almalıdır

“Bu il 1-ci ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin sayının ötən illə müqayisədə az olduğu deyilir”. Bu sözləri 4 iyunda Dövlət İmtahan Mərkəzi tərəfindən  I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanını şərh edən təhsil eksperti Kamran Əsədov deyib. 
 
Ekspert “Sherg.az”a açıqlamasında bildirib ki, ötən il 1-ci ixtisas qrupu üzrə plan yeri 16 mindən çox idi və 11 mindən çoxu dövlət sifarişli yerlər idi. Bu isə balların artmasına səbəb olmuşdu: “Cari il isə plan yerinin artması, abituriyentlərin sayının azalması, 5 və 12 mart tarixində keçirilən buraxılış imtahanlarındakı çətinliklər nəticələrin aşağı düşəcəyini göstərir. 4 iyunda keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərə ilk dəfə olaraq informatika fənnindən də suallar düşüb. Bununla bağlı Dövlət İmtahan Mərkəzi 2023-cü ildə qəbul planına dəyişiklik edib ki, 1-ci ixtisas qrupunda kompüter və İT ixtisasını seçən abituriyentlər kimya yox, informatika fənni üzrə imtahan verəcəklər. Amma 1-ci ixtisas qrupu üzrə abituriyentlər artıq 7-8-ci siniflərdən kimya fənni üzrə hazırlaşmağa başlayırlar. 

Məktəblərimizdə informatikanın tədrisi isə olduqca aşağıdır. Abituriyentlər hazırlıq üçün repetitorlara üz tutsalar da, həm informatika fənnini yaxşı bilən müəllimlərimizin sayı çox azdı, həm də məktəb bazası olmayan şagirdlərin bir il ərzində informatika fənnindən yüksək nəticə göstərməsi inandırıcı deyildi. 
  
Deməli, cari ildə informatika fənninə görə kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisaslarının keçid balları aşağı düşəcək. Digər fənlər üzrə sualların təhlili də göstərdi ki, fizika fənninin sualları üzrə də müəyyən problemlər vardı. Riyaziyyat fənni üzrə də açıq və situasiya tipli sualların cavablandırılmasında abituriyentlər çətinlik çəkiblər”.

Ekspertin sözlərinə görə, 1-ci ixtisas qrupu üzrə ayrılan plan yerləri və qəbul şansı nisbətən yüksək olduğu üçün abituriyentlərin əksəriyyəti sözügedən qrupa üstünlük verirlər. I ixtisas qrupunda ayrılan plan yerləri ildən-ilə artır. Ötən illər ərzində 1-ci ixtisas qrupu üzrə sənəd verənlərin say çoxluğu gərginliyin artmasına, keçid ballarının qalxmasına və kəsilənlərin çox olmasına səbəb olurdu”.
  
K.Əsədovun fikrincə, hazırlıq prosesinə başlamadan öncə valideynlər də, abituriyentlər də ixtisas seçimi ilə bağlı mütəxəssis rəyi almalıdır: 

“Beləliklə, övladlarının təhsil alacaqları və gələcəkdə fəaliyyət göstərmələrinin daha uğurlu olacağı istiqaməti daha doğru şəkildə müəyyənləşər. Bu məsələyə ciddi yanaşmaq zəruridir. Abituriyentlər və onların valideynləri üçün əsas prioritet gələcəkdə əmək bazarında tələbatın çox olduğu ixtisaslara sahib olmaq, daha perspektivli ixtisaslarda təhsil almaq olmalıdır”.