Hələ də bir ali məktəbimiz ilk 1000-likdə yoxdu - AKTUAL

20 ildir beynəlxalq səviyyədə reytinq qazana bilən bir universitet yarada bilmirik

“Nazirliyin indiki komandasının bunu etməsinə inamım azdır. Bəlkə hansısa ali məktəb öz daxili potensialı ilə nəyəsə nail ola bilər”


Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. 2022-ci ildə reytinqə Qazaxıstanın 16 universiteti daxil idi. Bu haqda məlumatı sosial şəbəkədə paylaşan millət vəkili, fəlsəfə doktoru Etibar Əliyev Azərbaycan ali təhsil müəssisələrinin reytinqə yenə də daxil olmamasını üzüntü ilə xatırladıb:

 “Qardaş Türkiyəni və Qazaxstanı təbrik edirəm. QS reytinqində dünyanın ən yaxşı universitetlərinin qiymətləndirilməsi əvvəllər altı meyar əsasında aparılıb: akademik nüfuz 40%; işəgötürənlər arasında nüfuz 10%; müəllim heyətinin tələbələrin sayına nisbəti 20%; sitatgətirilmə indeksi 20%; xarici müəllimlərin payı 5%; xarici tələbələrin payı 5% -dir. 2023-cü ildə universitetlərin elmi indikatorlarına tələbləri gücləndirən daha üç yeni indikator əlavə edilib. Bunlara xarici həmkarları ilə əməkdaşlıqda alimlərin nəşrlərinin payı, məzunların işlə təmin edilmə səviyyəsi və görkəmli məzunların sayı daxildir. Türk Dövlətlərindən qlobal reytinqdə TOP-1000 siyahısına daxil olan universitetlər:  7-i Almatıda, 6-ı İstanbulda, 4-ü Ankarada... 1) 230-cu yer: Al-Farabi Qazax Milli Universiteti, Almatı; 2) 336-cı yer: Orta Doğu Texniki Univers iteti, Ankara; 3) 355-ci yer: L. Qumilyov Avrasiya Milli Universiteti, Astana; 4) 404-cü yer: İstanbul Texniki Universiteti, İstanbul; 5) 431-ci yer: Koç Universiteti, İstanbul; 6) 481-ci yer: Satbayev Universiteti, Almatı; 7) 502-ci yer: Bilkent Universiteti, Ankara; 8) 514-cü yer: Boğaziçi Universiteti, İstanbul; 9) 526-cı yer: Sabancı Universiteti, İstanbul; 10) 611-620-ci yer: Auezov Cənubi Qazaxıstan Universiteti, Çimkənt; 11) 641-650-ci yer: Qazax Milli Aqrar Universiteti, Almatı; 12) 681-690-cı yer: Abay Qazax Milli Pedaqoji Universiteti, Almatı; 13) 711-720-ci yer: İstanbul Universiteti, İstanbul; 14) 761-770-ci yer: Hacettepe Universiteti, Ankara; 15) 781-790-ci yer: Ahmet Yesevi Beynəlxalq Qazax-Türk Universiteti, Türkistan…” Siyahı beləcə davam edir, Qazaxıstanla Türkiyə universtetləri bir-birini əvəz edir. Millət vəkili qeyd edib: “Gözüm TOP-1000 siyahısında Azərbaycan Dövlət Pedaqoji Universitetini, Bakı Dövlət Universitetini və Azərbaycan Tibb Universitetini axtardı.  Tapa bilmədim…”  

Ali təhsil müəssisələrimizin TOP-1000-də olmamasının səbəblərini dosent İlham Əhmədov belə izah etdi: 
- Hələ də ilk 1000-likdə yoxuq. Bu artıq 20 il davam edir. Narahatlığa əsas varmı? Əlbəttə. Bu necə olur ki, beynəlxalq idman yarışında, Avroviziya yarışmasında zəif iştirak edəndə narahat oluruq, amma 20 ildir beynəlxalq səviyyədə reytinq qazana bilən bir universitet yarada bilmirik? Kimdir günahkar? Təbii ki, bu günahın çox böyük hissəsi təhsil nazirliyində olub. Bu necə ola bilər ki, 30 il əvvəl bizimlə eyni start vəziyyətində olan ölkələrin universitetləri inkişaf edə bildi, tanındı, bizimkilər isə tənəzzül etdi? Onların təcrübəsini öyrənmək, tətbiq etmək mümkün deyildimi? Kim mane olurdu? Malayziyanın ən azı 1 universiteti daim TOP 500 -də olurdu. Bir dəfə belə olmadı, Malayziya xalqı və hökuməti bunu milli faciə kimi qiymətləndirdi, təhsilə investisiyanı xeyli artırdı və tezliklə Malayziya universitetləri mövqelərini bərpa etdi. Malayziyada da yəqin bizdəki kimi təhsili millətin gələcəyi hesab edirlər. Amma əməldə. 

İ.Əhmədov qeyd etdi ki, ali təhsil sisteminin inkişafında 2 mühüm amil rol oynayır - səriştəli mütəxəssislərin mövcudluğu və ciddi maliyyə yatırımı: 

- Bizdə ali təhsildə orta səviyyəli kadrlar və çox cüzi səviyyədə investisiya olub. İndi isə ETN-də dünya ali təhsil sistemindən çox uzaq komanda və çox az maliyyə var. Amma son 20 ildə ölkəyə axan neft pullarının müəyyən hissəsini heç bir iqtisadi faydası olmayan stadionların, olimpiya mərkəzlərinin v.s. obyektlərin tikintisinə yox, universitetlərə yönləndirsəydik, bu gün tam fərqli mənzərə olardı. Sonuncu reytinq cədvəllərində Qazaxstan universitetləri hamını yaxşı mənada heyrətləndirdi. İlk 1500-də Qazaxstan 21 universitetlə təmsil edilib, bu onlar üçün ciddi uğurdur. 1000-1500 aralığında bizim cəmi 3 universitetimiz bərqərar olub (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və sıralamaya illər sonra yenidən geri qayıdan Azərbaycan Dövlət Neft və Sənaye Universitetiti). Məlum strategiyaya görə bəlkə 2030-cu ildə ilk 700-də bəlkə 1 universitetlə təmsil olunduq. 2 tədqiqat universitetimizin yaranması da gözlənilir. Bunlar çox az və gecdir. ETN-dəki indiki komandanın bunu etməsinə, doğrusunu desəm, inamım azdır. Bəlkə hansısa ali məktəb öz daxili potensialı ilə nəyəsə nail ola bilər. Bu problemlə əlaqədar ETN-nə bu suallarla müraciət edirəm. Əgər cavab versələr, ali təhsilin gələcəyi ilə əlaqədar ictimaiyyətdə az da olsa, müəyyən ümid yaranar. Birinci sual, ETN reytinqlərdə fərqlənən universitetlərimizə son 3 ildə konkret hansı köməyi edib, yoxsa bu ATM yalnız öz güclərinə buna nail olublar? Əgər heç bir kömək etməyibsə, onda fəaliyyəti hiss edilməyən ETN adlı quruma nə ehtiyac var? Amma ETN-nin yaratdığı fonda hər bir ali təhsil müəssisəsi öz zəif büdcəsindən ildə 1-2 milyon (tələbə sayına görə) qoparıb, büdcəni daha da zəiflədib, əvəzində heç nə vermədən. İkincisi, ETN ATM-nin qlobal reytinqlərdə vəziyyətini yaxşılaşdırmaq üçün hansı tədbirləri icra etməyi düşünür ? Və üçüncü sual, ümumiyyətlə ETN ölkədə ali təhsilin inkişafı üzrə nə vaxtsa, hər hansı bir strategiya təqdim edəcəkmi, yoxsa ali təhsil müəssisələri daha 30 il də "başlı başını saxlasın" prinsipi ilə fəaliyyət göstərəcək?