Elə məktəb direktorları var ki, bəzi nazirlərdən çox qazanır - EKSPERT

Təhsil işçilərinin direktor postunu tutmağa çalışmaları başadüşüləndir

“Nazirlik də, regional idarələr də öz maraqlarına uyğun olanları direktor təyin edir. 
Nəticədə həqiqətən savadlı, bacarıqlı kadrlar arxa planda qalır”

  “Direktorların işə qəbulu müsabiqəsində iki mərhələdən birində uğur qazanmayan və 
apellyasiyaya müraciət edənlərin sayı elə də çox deyil. Təxminən 20-yə yaxın belə namizəd var”. 
Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. 
E.Bağırov bildirib ki, növbəti həftələrdə həmin şəxslər üçün müsahibə mərhələsi təşkil ediləcək: 
“Təbii ki, prosesin özündə də nəzarət və əlavə yoxlamalar vacibdir. İstənilən şəkildə 
nəticələrindən narazı qalan namizədlərin apellyasiyaya müraciət etmək hüquqları var”. Şöbə 
müdiri qeyd edib  ki, 8 il ərzində məktəb direktorlarının seçilməsi ilə bağlı imtahanlarda 10 minə 
qədər namizəd iştirak edib. Bu illər ərzində 2000-ə qədər şəxs məktəb direktoru təyin olunub. 
Şagird sayı 500-dən çox olan məktəblərə direktor seçimi ilə bağlı isə 6 iyulda test imtahanı 
nəzərdə tutulur:  “Test mərhələsindən keçid balını toplayanlar esse mərhələsinə dəvət olunacaq, 
daha sonra isə müsahibə mərhələsi olacaq. Bütün mərhələlərdən uğurla keçən namizədlərin 
məktəblər üzrə təyinatları aparılacaq, proses tədris ilinin əvvəlinə qədər tamamlanacaq. 1889 
nəfər namizəd var. Məktəb direktoru olmaq üçün namizədlərdən əsas tələb ali təhsil səviyyəsi 
üzrə pedaqoji təhsil və 5 illik bu sahə üzrə iş stajıdır. Şagird sayı 500-dən az olan məktəblər üçün 
direktor seçimi üçün test imtahanı əvvəlki aylarda təyin olunub. Növbəti həftələr ərzində 
müsahibə mərhələləri regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. Hazırda məktəb 
direktorları üzrə ümumilikdə 400-dən çox vakant yerimiz var. Şagird sayı 150-yə qədər olan 
məktəblər üzrə müsahibələr keçirilib. Bəziləri artıq əmək fəaliyyətinə başlayıb, bəziləri həmin 
yeri istəməyib, ehtiyat kadr siyahısındadırlar. Şagird sayı 500-ə qədər olan məktəblər üçün 
müsahibələrin vaxtı iyul ayında elan olunacaq”. Eşqi Bağırov deyib ki, Bakı şəhəri üzrə 20-dən 
çox məktəbdə direktor vəzifəsi üzrə vakant yer var: “Yay aylarında da çalışmanın son yaş 
həddinə çatan direktorlar olacaq. Əlavə vakant yerlərin də çıxarılması nəzərdə tutulub”.

  Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında direktor vəzifəsinə işə qəbuldan narazı 
qalanların haqlı olduğunu dedi: 

- Xatırladım ki, orta məktəblərə direktor vəzifəsinə qəbul 2013-cü ildən etibarən müsabiqə ilə 
həyata keçirilməyə başlanıb. Və bu müsabiqələrin ən şəffaf dövrü də 2013-2020-ci illər arasında 
olub. Son 2 ildə isə şəffaflıqdan söhbət gedə bilməz. Müsabiqənin məhz müsahibə mərhələsi 
qeyri-şəffaf keçirilir. Regional təhsil idarələri özlərinə sərf edən və Elm və Təhsil Nazirliyi ilə 
razılaşdırdıqları namizədləri direktor vəzifəsinə qəbul edirlər. Baxmayaraq ki, müsabiqənin test 
mərhələsinə yüksək nəticə göstərən namizədlər olur, onlar müsahibə mərhələsindən “keçə 
bilmirlər”. Onlara mənfi rəy verilir. Çünki nə Elm və Təhsil Nazirliyinə, nə də regional idarələrin  
rəhbərlərinə “uyğun” gəlmirlər. Nazirlik də, regional idarələr də öz maraqlarına uyğun olanları 
direktor təyin edir.  Nəticədə həqiqətən savadlı, bacarıqlı kadrlar arxa planda qalır. 

  K.Əsədov qeyd etdi ki, prosesdə şəffaflığın təmini üçün müsabiqə şərtlərinə dəyişiklik 
edilməlidir: 

- Təhsil işçilərinin direktor postunu tutmağa çalışmaları başadüşüləndir. Elə məktəb direktorları 
var ki, bəzi nazirlərdən çox pul qazanır. Direktorların əməkhaqqı yüksəkdir, üstəlik, qeyri-qanuni 
gəlirləri də var.