Bakı Avropa Liseyinə yalnız intellektual uşaqları qəbul edirlər

Son illərin ən geniş müzakirə mövzularından biri də uşaqların 1-ci sinifə imtahanla qəbul edilməsidir. Belə ki, valideynlər imtahanların çətin olduğundan və bu imtahanın düzgün olmadığından şikayətlənirlər.

 Azvision.az saytının rəhbəri Vüsal Məmmədovun qızı da  Bakı Avropa Lisyeninin I sinifinə qəbul olmaq üçün müsahibəyə qatılıb.
Ancaq müsahibədə verilən “İnsan işıq saçarsa, nə baş verər?” sualı onun lazımi balı toplaya bilməməsinə səbəb olub. Və bu hal sosial şəbəkələrdə geniş müzakirə və tənqid predmetinə çevrilib.

Məsələyə aydınlıq gətirən Vüsal Məmmədov deyib ki, “İnsan  işıq saçsa, nə olar?" sualına Aylanın (qızı) cavabı belə olub: "Qaranlıqda sürücülər onu görər və maşınla vurmazlar".
- Bəs sonra?- soruşublar.
- İnsanların bədənində elektrik olar.
- Sonra?
Uşaq duruxub. Və onu birinci sinif imtahanından kəsiblər. 
Ümumiyyətlə, Təhsil Nazirliyinə tabe olan bir məktəbin - Bakı Avropa Liseyinin,- ixtiyarı varmı uşaqlarla bu cür rəftar etməyə? Varsa, bu ixtiyarı onlara kim verib? 
Qiymətləndirmə nəyə, hansı meyarlara əsasən aparılır? İstənilən sınaqda obyektiv ölçü meyarı olmalıdır. Məsələn, uşaq mücərrəd suala iki cavab verib. Neçə cavab versə, məqbul sayılacaqdı?
Mən valideyn olaraq məktəbin qərarından narazıyam. Övladıma qarşı haqsızlıq olduğunu düşünür və ədalətli imtahan tələb edirəm. 
Öyrəndiyimə görə, "o məktəbin direktoru heç kimi saymır". Necə ola bilər ki, bir ölkədə əlahiddə götürülmüş məktəb özü üçün muxtar respublika yaratsın, özünün fərqli və fərdi qanunları  olsun?!
Bakı Avropa Liseyini keçirdikləri ədalətsiz sınağa, uşaqlara vurduğu mənəvi ziyana görə məhkəməyə verməyi düşünürəm. 

Maraqlıdır, 6 yaşında uşaqdan hansı cavabı gözləyirdilər? Ümumiyyətlə, 1-ci sinifə qəbulda müsahibə nə üçündür? 
Təhsil eksperti  Elşən Qafarov isə “Sherg.az”a açıqlamasında deyib ki,  məsələyə fərqli fərqli aspektdən yanaşır: 

“Bakı Avropa Liseyi ölkədəki ən yaxşı və nüfuzlu təhsil ocaqlarından biridir.  Kifayət qədər də axın var. Əksər valideyn övladının məhz bu liseydə təhsil almasını arzulayır.  Kifayət qədər peşəkar bir qrup  formalaşıb,  ölkənin ən peşəkar müəllimləri orada işləmək arzusundadır. 
Liseyin özünün daxili nizamnaməsi var və şagirdlərin birinci sinifə qəbul  üçün  imtahan sualları da həmin nizamnaməyə uyğun  hazırlanır. Bu liseyə yalnız intellektual səviyyəsi yüksək olan uşaqları qəbul edirlər . Eyni zamanda uşaqların  yaradıcı potensialı, dünyagörüşü, nitqin inkişafı, emosional-iradi keyfiyyətlər seçim meyarları kimi müəyyən olunur. Düzdür, 6 yaşlı uşaq üçün müsabiqənin şərtləri ağır, qaydaları sərtdir. Amma  məqsədli şəkildə liseyə ən bacarıqlı, istedadlı şagirdləri qəbul edirlər, onlar “Bakı Avropa Liseyi”nin proqramını mənimsəyə və  tələblərı cavab verə bilsin. Əks halda şagirdlər üçün proqrama  adaptasiya çətin olur. Yəni  Avropa məktəblərinin təcrübəsini özündə əks etdirən, “Bakı Avropa Liseyi”nin əsas məqsədi istedadlı uşaqların intellektual və yaradıcı potensialı üzə çıxarıb onların şəxsiyyətinin yüksək mənəvi və mədəni dəyərlərə  uyğun formalaşdırmasıdır”.
AzEdu.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki,sualın belə çətin salınması müəssisəni daha keyfiyyətli göstərmir: ““İnsan işıq saçsa, nə olar?”- bu I sinfə namizəd birinin yaşına uyğun sual deyil. Gəlin görək biz bu suala cavab verə bilirikmi? Biz belə mahiyyəti anlamaqda çətinlik çəkirik. İstər I sinfə qəbul, istərsə də müəllimlərin işə qəbulu olsun test imtahanı bir kənara, müsahibə də təşkil olunur. Müsahibədə test imtahanından keçmiş, lakin arzuolunmaz savadda olan şəxsləri kənarlaşdırmaq üçün daha qəliz suallar salırlar. Ancaq bu situasiyada söhbət 6 yaşlı uşaqdan gedir”. Ekspert düşünür ki, əsas günah o sualları tərtib edənlərdədir: “Tək problem müsahibədə deyil. Dərsliklərimizdə də belə qəlizlikləri görmək mümükündür. Dərslikləri müəyyən bir ixtisas sahibi, məktəbdə müəllim olaraq çalışmış biri hazırlamalıdır. Tək məsələ nəzəriyyə deyil. Onun şagirdə necə çatdırılacağı da əsas nüanslardan biridir. Bu da xüsusi bacarıq tələb edir. Hər yaş qrupuna uyğun fərqli təqdimetmə forması var. Ona görə də müsahibə suallarını tərtib edilməsi üçün elə peşəkarlar cəlb olunmalıdır ki, o həm uşağın psixologiyasına, həm yaş uyğunluğuna, həm də tələb olunan ümumi savada malik olsun”. Müsahibimiz onu da əlavə edib ki, dövri inkişafla əlaqədar erkən təhsilə başlayırıqsa, yaş dövrünə uyğun da təhsil proqramı qurulmalıdır: “Hazırki dövrümüzdə hər sahədə inkişafla ayaqlaşmağa çalışırıq. Uşaqlara ən balaca yaşından təhsilə cəlb edirik. Uşaq öz uşaqlığını yaşamalıdır, əqidəsi formalaşmalıdır. Ancaq erkən yaşdan təhsilə başlayırıqsa, yaş dövrünə uyğun da təhsil proqramı hazırlanmalıdır”.