Uğurlu gələcəyə gedən yol təhsildən keçir. Kariyera qurmaq, rahat həyat tərzi sürmək üçün bu vacib amildir. Xaricdə təhsil günümüzdə çox gəncin arzusudur. Belə gənclərdən biri də Araz Poladovdur. Araz Poladov 2016-cı ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 20192020-ci illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.
Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri vəzifəsinə təyin edilib.
Təyinatı yüksək dəyərləndirdiyini söyləyən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Sherg.az”a bildirib ki, Azərbaycan dövləti üçün gənclərin xaricdə təhsil alması hər zaman prioritet olub:
“Cənab Prezidentin bir şüarı var: “Neft kapitalını insan kapitalına çevirək”. Burdakı əsas məqsəd isə xaricdə savadlı gənc kadrların yetiştirilməsidir. Məsələ ilə bağlı Azərbaycan dövləti tərəfindən böyük dövlət proqramı təsdiqlənib. Proqramın biri icra olunub, ikincisi icra prosesindədir. Hətta birinci proqramdan sonra xaricdə təhsil alan gənclər ordusu yaradıldı. Ümumiyyətlə xaricdə təhsil alan gənclər diaspor işində bir gücə çevriliblər. Yəni bu işə müəyyən faydaları olub. Və təhsil almaqla yanaşı həmin ölkələrdə təbliğat, təşviqat bir sözlə ölkəmizi tanıtmaq naminə bir sırra addımlar atıblar.
Hətta bəzi xarici universitetlərdə azərbaycanlılardan ibarət Tələbə Gənclər Təşkilatları da yaranıb. Bir sözlə ölkəmizin gəncləri yaşadıqları qərib ölkələrdə diaspora çevrilməyi bacarıblar.
Bu da Azərbaycan dövlətinin diaspor siyasətində öz effektini göstərir. Həmçinin ölkəmizə xaricdən əcnəbi gətirib onların təcrübəsində yararlanmağa da ehtiyac qalmır. Xaricdən qayıdan azərbaycanlı gənc kadr kifayət qədər bilikli və təcrübəli olur, ölkəmizin siyasi, iqtisadi, mədəni və başqa sahələrində öz töhfələrini verirlər. Harvard hüquq məktəbinin məzununun Prezident aparatında yüksək vəzifəyə təyin olunması dövlətin xarici təhsillə bağlı atdığı addımların müsbət nəticəsidir. Belə hallar Azərbaycan Respublikasının inkişafında öz təsirini göstərəcək”.