"... 4 il oxumağa ehtiyac yoxdur"  - AÇIQLAMA

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Birinci və ikinci mərhələdə ümumilikdə 30 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib. 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25 420 yer üzrə aparılıb.
Hazırda ölkənin əmək bazarında kifayət qədər ixtisaslaşmış işçiyə ehtiyac var.  Ona görə peşə təhsilli peşəkar kadrlar hazırlanmalıdır. Bəs əmək bazarında tələb və təklif bir-birini qarşılayırmı? 
“Şərq”in sualını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirib ki, ali və orta təhsil müəssisələrinin böyük əksəriyyəti əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir:

“ Ölkədə fəaliyyət göstərən  51 ali təhsil müəsissəsində ümumi olaraq  200000 tələbə təhsil alır. Orta təhsil müəssisələrimizdə bu rəqəm 60000, peşə təhsili müəssisələrində isə bu rəqəm 40000 nəfərə bərabərdir. Ölkənin ali təhsil müəssisələrində keyfiyyət göstəricisi çox aşağıdır. Hər il ali təhsil müəssisə məzunlarından cəmi 42 faizi ixtisası üzrə işləyə bilir. Peşə təhsil müəssisələri məzunlarının da  işə qəbul olma faizi çox aşağıdır”. 
Ekspert vurğulayıb ki, hazırda işə götürənlər daha çox ali və orta təhsil alan şəxslərə üstünlük verirlər. Peşə təhsilli şəxsləri işə götürmək istəmirlər:
“Mütləq qanunvericilikdə dəyişiklik edilməlidir. Müəssisələr öz vakant yerlərinin 25 faizini peşə təhsilli şəxslərə ayırmalıdırlar. Bundan başqa, peşə təhsil müəssisələrinə qəbul olan şəxslərə hərbi xidmətdən möhlət hüququ verilməlidir. Əsas problemlərdən biri də, ixtisaslaşmalar arasında təsnifləşmənin səhv aparılmasıdır. Elə ixtisaslar var ki,  4 il oxumağa ehtiyac yoxdur. Bir sıra sahələr  əmək bazarına daha tez daxil olmalıdırlar. Ümumiyyətlə, eyni ixtisasların həm universitetlərdə, həm kolleclərdə, həm də peşə məktəblərində tədris olunması düzgün deyil. Məsələn, turizm işinin təşkili ilə bağlı ixtisas ya kollecdə, ya da peşə təhsil müəssisəsində olmalıdır. Bu ixtisas üçün 4 il təhsil almağa ehtiyac yoxdur. Akademik bilikləri özündə əks etdirməyən sahələr yuxarı yox, aşağı təhsil pillələrində olmalıdır”.