Bu problemin aradan qaldırılması üçün ayrıca dərslik agentliyinin olması şərtdir
Son zamanlar məktəb dərsliklərindəki kobud səhvlərin artması müşahidə olunur. Dərsliklər hazırlanan zaman belə xətaların yaranmasının səbəbi insanlarda böyük maraq doğurur.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən təhsil eksperti Kamran Əsədov problemin qısa vaxtdan qaynaqlandığını bildirib:
"2004-cü ildən etibarən məktəblilər pulsuz dərsliklərlə təmin olunur. Yəni dövlət 6 min şagirdin hər birinə dərsliklər təqdim edir. Orta məktəblərdə istifadə olunan dərsliklər Təhsil Nazirliyinin yaratdıgı tenderdə qalib gələn müəllif komandasi tərəfindən tərtib olunur. Onlar əvvəlcə dərslikləri standartlara uyğun şəkildə hazırlayırlar. Baxmayaraq ki, hazırlanma prosesi bir neçə mərhələdən keçir, yenə də elmi, texniki qüsurlar ortaya çıxır. Bunun əsas səbəbi verilən vaxtın kifayət qədər olmamasıdır. 6 ay ərzində dərsliklər həm müəlliflər tərəfindən yazılmalı, həm də ekspertlər tərəfindən yoxlamadan keçməlidir. Bu problemin aradan qaldırılması üçün ayrıca dərslik agentliyinin olması şərtdir. Müəlliflərin hər biri dərsliyin bir neçə nümunədən ibarət paraqraflarını yazmalıdır. Yazılan dərsliklər digər mərhələdə məktəblərdə pilot olaraq işlənməlidir. Dərsliyi işlədən şagirdlər, müəllimlər dərsliklərlə tanış olmalıdırlar. Çünki ən böyük qüsurları onlar görürlər. Əsas problem müəllim və şagirdlərin dərsliklərin son variantı ilə tanış olmasıdır. Bu aradan qaldırılarsa, problem öz həllini tapar".