Tələbələrə jest: Təhsil almaq imkanları yaxşılaşdırılır -RƏY

Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarında təhsil haqqı xərclərindən azad olunacaqlar.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar açıqlanıb.
Həmin ixtisaslar aşağıdakılardır:
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
İbtidai sinif müəllimliyi
Hüquqşünaslıq
Maliyyə
Riyaziyyat müəllimliyi
Xarici dil müəllimliyi (ingilis dili)
Beynəlxalq münasibətlər
Mühasibat

Təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, bu ildən fəaliyyət göstərəcək Qarabağ universitetində 1200-ə yaxın tələbənin qəbulu planlaşdırılır:

“Qarabağ universitetində bu il üçün nəzərdə tutulan qərara əsasən  SABAH qruplarına qəbul olanlar Dövlət Sifarişi üzrə təhsil alacaqlar. Məhz bu amili nəzərə alaraq müsabiqədə ödənişli əsaslarla qəbul olanların hər biri  Dövlət Sifarişi üzərində təhsil almış olacaq. Bu müsbət qərardır. Bəzi tələbələr SABAH qrupunda təhsil almaq istəyirlər. Ancaq müvafiq müsabiqə şərtini ödəmədiyi halda ödənişli əsaslara düşürlər. Nəticə etibarı ilə təhsil haqqını ödəməkdə çətinlik çəkirlər. Dövlət məhz Qarabağ Universitetində belə bir qərarı verməklə həmin tələbələrin təhsil almaq imkanını yaxşılaşdırır və onlara dəstək olur. Qeyd edim ki, bu prosesi digər ali təhsil müəssisələrində tətbiq etmək hazırda bir o qədərdə real görünmür. Qarabağ Universitetində təhsil alacaq tələbələr SABAH qruplarında təhsil almaqla bir növ digər üstünlüklər əldə etmiş olurlar. Ancaq paytaxtda və rayonlarda yerləşən universitetlərdə təhsil alanlar SABAH qrupları ilə demək olar ki, eynibərabərliyi təşkil edir. Fərq ondan ibarətdir ki, kimsə yüksək bal toplayıb Qarabağ Universitetində təhsil almaq ilə bağlı qərar verirsə, dövlətdə həmin şəxsin qərarına qarşılıq müəyyən jestlər edir. Növbəti illərdə də SABAH qruplarında ödənişsiz təhsil alınmasının davam edib-etməyəcəyini zaman göstərəcək. Ola bilər ki, bir neçə il sonra müsabiqə vəziyyəti nəzərə alınaraq bu qərar digər tələbələrə şamil olunmasın. Hazırkı vəziyyətdə bu doğru və təqdirə layiq qərardır. Düşünürəm ki, yaradılmış şəraitdən bu il Qarabağ Universitetində təhsil almaq istəyən tələbələr maksimum yararlanacaqlar”.