AKP başını itirib

CHP ilk gündən AKP-siz variantları müzakirə edir



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin formalaşdırılması üçün baş nazir Əhməd Davudoğluna səlahiyyət verib. Yeni parlament 45 gün ərzində hökumətin yeni tərkibini formalaşdırmalıdır. Qanunvericiliyə əsasən, bu prosedurun müəyyən olunmuş müddətdə baş verməyəcəyi təqdirdə prezident parlamenti buraxaraq, vaxtından əvvəl seçkilər təyin edə bilər. Ə.Davudoğlu koalisiya hökumətinin formalaşması məqsədi ilə parlamentdə təmsil olunan Cümhuriyyət Xalq Partiyası, Millətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyası rəhbərləri ilə görüşlər keçirəcək.

Danışıqlar bazar ertəsi başlayacaq

Koalisiya hökumətinin qurulmasına dair danışıqlar gələn həftədən etibarən start götürəcək. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Davudoğlu ilk olaraq, partiya liderləri ilə məsləhətləşmələr aparacağını bildirib: "Artıq müxalif partiya rəhbərlərinə danışıqlarla bağlı təklif göndərmişik. Ümid edirəm, liderlər dəvətimizi qəbul edəcək və problemli məsələləri sağlam müzakirə etmək şansımız olacaq. Amma bizi narahat edən məsələlər çoxdur. Yaranmış vəziyyət nikbin olmağımıza imkan vermir. Çünki CHP ilk gündən AKP-siz variantları müzakirə edir. MHP biz bu oyundan kənarıq deyir. HDP isə hələ də silah və aqressiya dilindən danışır. Siirtdə baş verən terrordan sonra HDP-dən bir açıqlama gözlədik, amma onların səsi çıxmadı. Türkiyənin şərqində başqa cür, İstanbulda başqa cür danışan ikiüzlü HDP ilə nəyi müzakirə edək?!

Kulislərdə erkən seçki müzakirələri..

Türkiyədə koalisiya hökumətinin qurulması prosesinə başlanılsa da, siyasi dairələr müsbət nəticənin əldə ediləcəyinə o qədər də inanmırlar. İddialara görə, kulislərdə növbədənkənar seçkilərin keçirilməsi ehtimalı daha yüksək qiymətləndirilir. Artıq təkrar seçki gününün bəlli olduğu da söylənilir. Növbədənkənar seçkilər üçün münasib vaxtın 2016-cı il mart ayı olduğu deyilsə də, 2015-ci ilin noyabr ayının daha doğru variant olduğunu düşünənlər də var. Türkiyə

15-16 noyabr tarixlərində G-20 sammitinə ev sahibliyi edəcəyi üçün AKP seçkilərin 8 və ya 22 noyabrda keçirilməsini təklif edir.

Noyabr ayı üçün 4 ssenari..

Müzakirə olunan birinci ssenari müvəqqəti hökumətin qurulmasıdır. Ancaq bütün partiyaların qazandığı səs nisbətinə görə, "müvəqqəti seçki hökuməti”ni heç bir partiya qəbul etmir. Xüsusən, MHP bu hökumətdə kürdləri təmsil edən HDP ilə birlikdə təmsil olunmaq istəmir. Bu da "müvəqqəti seçki hökuməti”nin qurulma imkanlarını heçə endirir. AKP də məhz bu faktora güvənərək azlıq hökuməti ilə seçkiyə getmək istəyir. Bu baxımdan MHP-nin məcburi də olsa, AKP ilə əməkdaşlığa gedə biləcəyi istisna edilmir.

"Qaçan” millət vəkilləri və AKP-Səadət Partiyası ittifaqı...

Xatırladaq ki, AKP 7 iyun seçkilərində 20-yə qədər vilayətdə 20 millət vəkili itirib. Bu itkini qaytarmaq, eyni zamanda hakim partiyadan küsən kürdləri yenidən qazanmaq istəyən AKP növbədənkənar seçkilərdə təkbaşına koalisiya qurmaq üçün 276 mandat qazanmağı planlaşdırır. AKP-nin 276 mandat əldə etməsi üçün ən az 45 faiz səs qazanmasının lazım olduğu deyilir. Deyilənə görə, işini şansa buraxmaq istəməyən AKP Səadət Partiyası ilə seçki bloku yarada bilər. Hələlik MHP hakim partiya istisna olmaqla digər heç bir partiya ilə seçki bloku yaratmağı düşünmür. Amma CHP AKP istisna bütün partiyalarla birlikdə olmaq niyyətini gizlətmir. Elə Kılıçdaroğlunun lazım gələrsə, əlimizi daşın altına qoyaraq açıqlaması da bunu göstərir. Hətta CHP-nin HDP ilə ittifaq yaradacağı da müzakirə olunur. Ancaq bunlar sadəcə versiyalardır. Koalisiya ilə bağlı müzakirələr və iddialar gələn həftə daha dəqiq bəlli olacaq.

İsmayıl