Mütləq məhkəmə qərarı olmalıdır

Əks təqdirdə, bank girovluqda olan avtomobili sata bilməz"Etibarnamə ilə alqı-satqı olmur. Etibarnamə o deməkdir ki, mən maşınımı filankəsə idarə etməyə verirəm. Amma mülkiyyətçi kimi vətəndaş qalır. Bankda da vətəndaşın krediti qalır”
Banka kredit borcunu ödəyə bilməyən vətəndaşların həbsi, bank girovluğunda olan avtomobillərin satışa çıxarılması və satış zamanı baş verən qanunsuzluqlar məsələsi ətrafında müzakirələr davam edir. İqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov "Şərq”ə söyləyib ki, Azərbaycan qanunvericiliyində kredit borcuna görə həbs yoxdur: "Yəni borca görə heç kəs həbs edilə bilməz. Bu yalnız Azərbaycanın daxili qanunvericiliyində nəzərdə tutulmur, həm də Azərbaycanın qoşulduğu insan haqlarına görə Avropa Konvensiyasında bu məsələ əks olunur. Azərbaycan da buna qol çəkib və üzərinə beynəlxalq öhdəlik götürüb. Ona görə borca görə həbs qanunaziddir”.
Ə.Həsənov diqqətə çatdırıb ki, Azərbaycanda məhkəmələr borca görə həbsin guya öz aləmlərində özünəməxsus yolunu tapıblar: "Onlar İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini əsas tuturlar. Həmin maddədə deyilir ki, məhkəmə qərarını üzrsüz səbəblərdən kimsə icra etmirsə, 30 günə qədər həbs edilə bilər. Yəni buna da məhdudiyyət yoxdur, 1, 2 və ya 3 dəfə də həbs edilə bilər, fərqi yoxdur. Amma indi məhkəmədə nə deyirlər? Bank vətəndaşı məhkəməyə verdikdə tələb edir ki, 3 min manat borcu var. Məhkəmə də iddianı təmin edir və qərar qoyur ki, vətəndaş banka 3 mini verməlidir. Vətəndaş indi bu məhkəmə qərarını icra etmir. Burada iki hal ola bilər. Biri ola bilər ki, vətəndaşın pulu, gəliri, maaşı var. Amma o, məhkəmə qərarını icra etmir və gedib pulu banka vermir. Bu halda bəli, biz görürük ki, üzrsüz səbəblərdən dolayı baş verir. Belə olan təqdirdə vətəndaş həbs edilə bilər. Bu günə kimi borca görə həbs edilən Azərbaycan vətəndaşları məhz üzrlü səbəblərə görə olub. Çünki həmin vətəndaşların gəliri, əmlakı yoxdur. Məhkəmə qərarlarında da yoxdur ki, üzrsüz səbəb hansıdır. Ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinin və Konstitusiyanın vacib prinsipi var ki, o da təqsirsizlikdir. Yəni heç kəs təqsiri olmadan cəzalandırıla bilməz və heç kəs təqsiri olmadığını özü isbat edə bilməz. Əksinə, ona sübut etməlidirlər ki, sənin günahın var. Bu hallarda isə həbs edilirlər və məhkəmə qərarlarında da demirlər ki, vətəndaşın təqsiri nədir. Məhkəmə sübut etmir ki, vətəndaşın gəliri var idi, ödəmədi. Məhkəmə qərarlarında birbaşa yazılır ki, bəli, vətəndaş işsizdir, işi yoxdur. Həmçinin yazır ki, vətəndaş heç nə göstərmir. Vətəndaş hansı təşəbbüsü göstərməlidir ki? Heç kəsin işsiz, gəlirsiz olması, onun xoşuna gəlmir. Sadəcə, iş tapa bilmir. Məhkəmə deyəndə ki, təşəbbüs göstərmir, bunu başqa yöndə başa düşürlər. Yəni vətəndaş gedib kiminsə evində oğurluq etməlidir, adam öldürməlidir ki, gəlib bankın pulunu versin? Buna görə də bu günə kimi Azərbaycanda borca görə həbs olunanların hamısı qanunsuzdur. Çünki məhkəmə qərarında deyilir ki, get borcunu ödə. Vətəndaş da bunu edə bilmir. Üzrlü səbəbdən edə bilmir və ya üzrsüz səbəbdən də məhkəmədə bunu sübut etmirlər. Son vaxtlar tətbiq olunan bu praktika qanunsuzdur”.
Ekspert bildirib ki, borca görə həbs olunan bir vətəndaşın işi artıq Avropa Məhkəməsinə verilib: "Biz bu müraciəti göndərmişik ki, Avropa Məhkəməsi işi araşdırsın. Çünki Avropa Konvensiyasının kobud şəkildə pozulmasıdır. Banklar, məhkəmələr bunu bu gün ona görə edirlər ki, əhalini qorxutsunlar. Sadəcə digər borclular qorxsunlar və gəlib borclarını ödəsinlər. Amma bu, əslində, heç bir effekt verməyəcək. Ya vətəndaşlar pula görə gedib intihar yolunu seçəcəklər, ya da qanunsuz yollara əl atacaqlar. Amma bizdə məlumat var ki, başqa hallar da mövcuddur. Yəni tanıdıqlarımdan elə vətəndaşlar var ki, kredit borcuna görə məsuliyyətə cəlb olunublar, sadəcə onlar bu barədə məlumat vermirlər. Rüşvət verməklə bu işi bağlayırlar. Kimə ki, rüşvət verirlər, bu iş açılmır. Güman etmirəm ki, belə həbslər geniş yayılıb. T əxmini 10-15 belə hal olub. İstənilən halda Azərbaycanda 2 milyondan çox kredit borcu olan şəxs var. Məqsəd həmin şəxslərin hamısını borca görə həbs etmək deyil, daha çox qorxutmaqdır. Hətta elə bir hal var idi ki, icra məmuru artıq vətəndaşı qorxutmuşdu və izahat yazdırırdı. Yəni onun həbsinə hazırlıq gedirdi. Özümü ora çatdırdım və icra məmuruna bunun qanunsuz olduğunu bildirdim. Beləliklə, vətəndaşı azad etdilər. Vətəndaşlar haqlarını nə qədər çox tələb etsələr, təbii ki, belə hallar da baş verməyəcək”.
Bank girovluğunda olan avtomobillərin satışına gəlincə, ekspert bunun qanunsuz olduğunu söyləyib: "Bankın avtomobili girov götürməyə ixtiyarı yoxdur. Avtomaşının mülkiyyətçisi vətəndaşdır. Avtomaşını vətəndaşdan yalnız məhkəmənin qərarı ilə icra məmurları götürüb, satışa çıxara bilər. Onu satışa bank deyil, yalnız icra məmurları çıxara bilər. Bank kimdir ki, gəlib mənim avtomobilimi satışa çıxarır. Avtomobilin girovda olması o demək deyil ki, bank onu gəlib götürə bilər. Avtomaşının girovda olması o deməkdir ki, bank məhkəmədə iddia qaldıra bilər. Həmin iddia üzrə məhkəmə qərarı verə bilər ki, bəli, vətəndaş borcu ödəmir, bu səbəbdən avtomobil satılsın. Bankın borcu bağlansın. Avtomobil satıldıqdan sonra, banka olan borc bağlanır. Qalan pul isə vətəndaşa çatır. Məsələn, mənim banka 5 yüz manat borcum qalıb, verə bilmirəm. İcra məmurları avtomobilimi satışa çıxardıb, onu 3 min manata satır. Həmin puldan banka 5 yüz manat çatır, qalan 2 min 500 yüzü isə vətəndaşa verilməlidir. Qayda belədir”.
Girovluqda olan avtomobillərin satışındakı özbaşınalıqdan söz açan ekspert bunları deyib: "Söhbət ondan gedir ki, vətəndaş bankdan kreditlə avtomobil alıb. Avtomaşını girov qoyub. Sonra da kredit ola-ola avtomobili başqasına etibarnamə ilə satır. Burada vətəndaşın özü düzgün etmir. Etibarnamə ilə alqı-satqı olmur. Etibarnamə o deməkdir ki, mən maşınımı filankəsə idarə etməyə verirəm. Amma mülkiyyətçi kimi vətəndaş qalır. Bankda da vətəndaşın krediti qalır. Çünki bankla bağlanmış kredit müqaviləsində dəyişiklik edilməyib. Belə hallar çoxdur. Vətəndaşlar elə düşünürlər ki, avtomobili başqasına etibarnamə ilə verə bilərlər. Düzdü, ikinci şəxs borcu üzərinə götürə bilər. Amma bank birinci vətəndaşı borcdan azad etməyib. Gərək bank razılıq versin ki, mülkiyyət hüququ ikinci vətəndaşa keçsin. Belə hallar da ola bilər ki, bankdan kimsə şifahi olaraq deyib. Amma hər şey üçün rəsmi sənəd lazımdır. Buna görə də, təəssüf ki, birinci şəxslər hələ də banka borcludurlar. Çünki krediti onlar götürüb. Qanun belə deyir ki, bir şəxs digərindən borc götürübsə, o borc götürüldüyü şəxsin razılığı olmadan başqasına ötürülə bilməz”.
Ayyət Əhməd