“Sponsorluqla reklam eyni ola bilməz. Kommersiya reklamları xüsusi işarə ilə fərqləndirilməlidir”
Respublikanın baş kardioloqu Faiq Quliyev telekanallarda müxtəlif proqramlara ekspert qismində dəvət edilən həkimlərə nəzarət olunmasını vacib sayır. F.Quliyev açıqlamasında bildirib ki, televiziya proqramlarında həkimlər, hansısa mərkəzlər özünü reklam edir. Bu, düzgün deyil: "O reklama, proqramlara cəlb olunan həkimlərə görə kimsə məsuliyyət daşımalıdır. Onların doğrudan da sahəsi üzrə mütəxəssis olub-olmadığı müəyyənləşdirilməlidir. Əgər nəzarət olmasa, sabah zəhər də reklam edəcəklər”.
Baş kardioloqun qaldırdığı problem uzun illərdir gündəmdədir. Telekanallar sanki Tibb Universitetinin filialına çevrilib. Həkimin biri danışıb qurtarmamış o birisi gəlir. Klinikaların, dərman preparatlarının reklamları da ki, efiri başına alıb.
Televiziya mütəxəssisi Zeynal Məmmədli efirdə reklamın qanunun tələblərinə uyğun yayımlanmalı olduğunu dedi:
- Azərbaycanda reklam bazarı idarə olunur. Telekanallara reklamlar adətən xarici şirkətlər tərəfindən verilir. Onlar hansı formatda, hansı məzmunda çəkirsə, o şəkildə də verilməsini tələb edir. Bunların da əksəriyyəti Azərbaycana yad elementlərdən təşkil olunmuş reklam çarxlarıdır. Birincisi, reklam çarxları efirə verilərkən onun müddəti mütləq qeyd olunmalıdır. Bu, tamaşaçı hüququdur. Tamaşaçı reklamların neçə dəqiqə uzanacağını bilməlidir. Ümumiyyətlə, sosial reklam kommersiya reklamı ilə eyni götürülməməlidir. Sosial reklamda siyasi maraq güdülməməlidir. Və ona məhdudiyyət qoyulmamalıdır. Telekanallar tamaşaçısını itirməmək üçün sosial reklamlara da yer ayırmalıdır. Həm sosial reklamlarla bağlı, həm də sosial məzmunlu verilişlərlə bağlı sahibkarlara güzəştlər tətbiq olunmalıdır ki, onlar bunda maraqlı olsunlar. Onda görəcəksiniz ki, televiziyaların siması necə dəyişəcək. Sponsorluqla reklam qarışdırılmamalıdır. Bu dəqiqə telekanallarda əsas sponsor özəl klinikalardır. Bu, həqiqətən, dəhşətdir. Dövlət xəstəxanaları kənarda qalıb. Telekanallar səhiyyənin problemlərini araşdırmaq əvəzinə özəl klinikaları reklam etməklə məşğuldur. Nə qədər həkimlər dəvət olunur proqramlara. Onlar kimdir, həqiqətənmi öz sahələrinin mütəxəssisləridir, əhalini tibb sahəsində məlumatlandırmaq hüquqları varmı? Tamaşaçı bunu bilmir. Özəl klinikaların reklamını məhdudlaşdırmaq lazımdır. Pis vərdişlərlə bağlı da məhdudiyyətlər olmalıdır. Audiovizual əsərlər kütləvi tamaşaçı üçün nəzərdə tutulubsa, orada bütün qaydalara əməl olunmalıdır.
Amma bizim telekanallarda bunlara məhəl qoyulmur. Sanki bütün telekanallar mağaza, özəl klinika reklamı xəstəliyinə tutulub. Sponsorluqla reklam eyni ola bilməz. Kommersiya reklamları xüsusi işarə ilə fərqləndirilməlidir. Digər ölkələrin TV-lərində biz belə pozuntuları müşahidə etmirik. Proqramın içində nəyinsə təqdimatı edilərsə, onun reklam olduğunu bildirən işarə altında efirə verilir. Türkiyə telekanallarına baxın. İstər hansısa proqram olsun, istər film, reklam xarakterli məlumat gedirsə, mütləq müvafiq işarə altında verilir. Əks halda, cərimələnəcəklərini bilirlər. Hətta aparıcı danışığında hansısa bir obyektin, nəyinsə, lap geyim olsun, saç düzümü, gözəllik salonu olsun, fərq etməz, bir halda ki, üstün cəhətlərdən danışılır, bu, birmənalı reklamdır və işarələnməlidir. Bizdə isə yayım qaydaları hər addımda pozulur. Kommersiya reklamlarına sosial reklam donu geyindirməyə cəhd edirlər. Bu da sözsüz ki, peşəkar davranış deyil və qanuna ziddir.
Məlahət Rzayeva