Mətanət Əsədova həbs etdirdiyi gəncin azadlığa çıxmasından danışdı

“Sosial mediada şirləşənlər bilsinlər ki, kimisə təhqir edəndə onun məsuliyyəti ağır ola bilir, qanunla da cəzası var”




Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün şikayət edib, həbs etdirdiyi sosial şəbəkə fəalı Elsevər Mürsəlli azadlığa çıxıb. Bu haqda gənc fəalın özü məlumat verib: 

"Bu gün səhər saatlarında azadlığa çıxdım, məhkəmənin qərarı ilə barəmdə 3 aylıq həbs müddəti seçilmişdi. Bu gün həmin müddət bitdi və mən ailəmə, dostlarıma qovuşdum. Çox sevincliyəm”.

Qeyd edək ki, E.Mürsəlli bir müddət bundan qabaq özünün sosial şəbəkədəki səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi. Xaçmaz rayon Məhkəməsi Elsever Mürsəlli barəsində 6 ay şərti cəza vermişdi. Lakin müğənni məhkəmənin qərarı ilə razılaşmayıb və Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edib. Müğənninin şikayəti üzrə noyabrın 2-də keçirilən iclasda qərar verilib. Hakim Hüseyn Nəbiyev M.Əsədovanın dəlillərini əsaslı sayıb və E.Mürsəllinin 3 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar verib. E.Mürsəlli daha əvvəl də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş və əfvlə azadlığa buraxılmışdı. 

Sosial şəbəkədə onu təhqir edən şəxsin azadlığa çıxması xəbərinə Mətanət Əsədova "Şərq”də münasibət bildirdi: 

"Mən özümə hörmət etməyi bacaran qadınam, sənətçiyəm. Sosial mediada sənətçilər barədə müxtəlif fikirlər səslənir, bizi müzakirə edib tənqid edənlər də olur. Amma təhqir tamamilə başqadı. Heç kimi təhqir etməyə kimsənin ixtiyarı yoxdu. Məgər sənətçinin ailəsi, sahibi, böyüyü, əqidəsi, şəxsiyyəti olmur? Niyə sənətçiyə kim necə istəyir o şəkildə yanaşdığını düşünməlidir. Səhnədə olmağım o demək deyil ki, mənim nəsil-köküm, ailəm yoxdu. O insanı həbs etməyə də ona görə israr etdim ki, mənim rəhmətə gedən bacımın ruhuna hörmətsizlik etmişdi, onu təhqir etməklə internetdə gücünü göstərmiş olmuşdu. Mən oturduğum yerdə heç kimi həbsxanaya göndərməmişəm. Mənim ailəmi, mənim şəxsiyyətimi, mənim rəhmətə gedənimi təhqir edən insanı necə cəzasız qoyaydım? İndi sənətçiyik deyə kim istəsə bizi söyə bilər? Bu nə münasibətdi? Bir də bu, başqaları üçün də dərs olsun. Sosial mediada şirləşənlər bilsinlər ki, kimisə təhqir edəndə onun məsuliyyəti ağır ola bilir, qanunla da cəzası var. Mən qanuna üz tutdum. Və peşman da deyiləm. Yəqin ki, bundan sonra həmin şəxs də bir daha kimisə təhqir etməyə cəhd etməz. Çünki cəzasını görüb. Məni təhqir edən insan cəzasını alacaq, bunu bilsinlər!”.

Tahirə