Azərbaycan Çindən də müxtəlif növ silahlar ala bilər

Ekspertlər müdafiə naziri Zakir Həsənovun Çinə səfərinin məğzini “Şərq”ə açıqladılar



Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pekində rəsmi səfərdə olub. O, Çin Xalq Respublikası (ÇXR) Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Su Çilian ilə görüşüb. Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini diqqətə çatdıran Su Çilian ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini bildirib.

General-polkovnik Z.Həsənov da öz növbəsində ÇXR-in terrorçuluqla, separatçılıqla və transmilli cinayətkarlıqla mübarizədə, o cümlədən dünyada sülhün və sabitliyin dəstəklənməsində mühüm rolu olduğunu, Çinin həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda fəal iştirak etdiyini qeyd edib. Azərbaycanın müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkürünü bildirən Z.Həsənov Azərbaycan Müdafiə Nazirliyinin Çinin hərbi təyinatlı məhsullar istehsal edən bir sıra korporasiya və şirkətlər ilə əməkdaşlıq etdiyini də xüsusi vurğulayıb. 

General-polkovnik Z.Həsənov həmçinin səfər çərçivəsində keçirilən görüşlərin, aparılan danışıqların ölkələrimizin orduları arasında əlaqələrin daha da genişləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.

Çinlə hərbi əməkdaşlıq Azərbaycan üçün nə dərəcədə vacibdir?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu müdafiə naziri Zakir Həsənovun Çinə səfərinin bir çox aspektdən Azərbaycan üçün vacib olduğunu deyib: 

"Çin dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Doğrudur, Çin dünyada daha çox iqtisadi gücü ilə tanınıb. Ancaq bu dövlətin hərbi qüdrəti də hər keçən gün artır. Çinin güclü hərbi-sənaye kompleksi var, müxtəlif növ silah və hərbi texnika istehsal edir. Bu baxımdan Azərbaycanın Çinin hərbi-sənaye kompleksinə artan marağı normaldır. Biz bu ölkədən müxtəlif növ silahlar ala bilərik. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənovun Çinə səfərinin əhəmiyyətli hissəsinə bu ölkədəki hərbi sənaye kompleksinə aid müəssisələrin ziyarəti daxil idi”.

Azərbaycanın Rusiyadan çox silah aldığını xatırladan politoloq hesab edir ki, Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq. Həm də Rusiyanın bizə göndərdiyi silah və hərbi texnikanın keyfiyyətindəki qüsurlar barədə də müxtəlif xəbərlər var. Necə ki, enerji resurslarımızın dünya bazarlarına çatdırılmasını şaxələndirmişik və bir dövlətdən asılı deyilik, eləcə də silah və hərbi texnika alışında bir dövlətdən asılı olmamalıyıq. 

Ona görə də Çinin silah bazarı bizi cəlb edir. Həm də biz Çindən silah alsaq, Rusiya buna etiraz edə bilməyəcək. Çünki Çin hansısa Qərb ölkəsi deyil. Çin sözdə Rusiyanın strateji tərəfdaşıdır və strateji müttəfiqinin Azərbaycana silah satışına etiraz edə bilməz. Eyni məntiqlə Rusiya Azərbaycanın Belarusdan raket komplekslərinin alışına da etiraz edə bilməz, etməməlidir. Çünki Belarus da sözdə Rusiyanın strateji tərəfdaşıdır.

Zakir Həsənovun Çinə səfərinin xüsusi bir əhəmiyyəti olduğunu qeyd edən E.Şahinoğlu Ermənistandakı xaos və hakimiyyət boşluğuna diqqət çəkib: "Ən çox qorxduqları da Azərbaycan ordusunun bundan istifadə edərək işğal edilən torpaqları azad etmək məqsədilə hücum əməliyyatına başlamasıdır. Qoy daima bu psixoloji təzyiq altında olsunlar və belə bir məqamda Zakir Həsənovun Çinə səfəri və bu ölkədən hərbi texnikanın alışı ilə bağlı fikir mübadiləsini aparması Ermənistan cəmiyyətinə növbəti mesajımızdır ki, biz müharibə hazırlıqlarımızı davam etdiririk, bundan gərəkli nəticə çıxarın”.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə deyib ki, müasir dünyada gedən prosesləri Çinsiz təsəvvür etmək mümkün deyil. Onun sözlərinə görə, Çin son 50 il ərzində həm iqtisadi, həm də hərbi imkanlarını gücləndirərək dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilib: "Çin Asiya regionunda və bütünlükdə Hind okeanı, Sakit okean boyunca çox böyük nüfuza malikdir. Ölkənin hərbi imkanları da buna əsas verir ki, region dövlətləri bu və ya digər məsələlərdə onunla hesablaşsınlar. Azərbaycanla Çinin diplomatik əlaqələrinin kökü 90-cı illərin əvvəllərinə dayanır. Çinlə Azərbaycan arasında bir neçə iqtisadi layihələr də mövcuddur. Bu əlaqələr hərbi münasibətləri də şərtləndirib. Azərbaycanda keçirilən Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2016) Çin şirkətlərinin Azərbaycana olan marağı açıq şəkildə özünü göstərdi. Bu sərgi zamanı Çinin iri hərbi texnoloji şirkətləri də öz məhsullarını Azərbaycanın müdafiə sənayesi bazarına təqdim etmişdilər”.

Müdafiə nazirinin səfər planına diqqət çəkən R.Məmmədli deyib ki, Zakir Həsənov təkcə hərbi qurumlarda deyil, həmçinin müdafiə sənayesi texnologiyaları istehsal edən şirkətlərə baş çəkərək onların məhsullarının istehsal prosesi ilə yaxından tanış olub: "Bu onu göstərir ki, Azərbaycan Çinlə hərbi sənaye sahəsində birgə fəaliyyət planı həyata keçirməkdə maraqlıdır. Yəqin ki, görüş çərçivəsində bu istiqamətdə ilkin razılaşmalar da əldə olunub”.

Çin hərbi sənayesinin dünyadakı imicinin bir o qədər də yüksək olmadığını vurğulayan R.Məmmədlinin sözlərinə görə, birgə əməkdaşlıq razılaşmasında ölkəmizin də maraqları nəzərə alınacaq və Azərbaycan üçün daha məqbul silahların satınalması müzakirə olunacaq.

Şəymən