İnsanların şərəf və ləyaqətini alçaltmağa heç kimin ixtiyarı yoxdur

Qanunvericiliyin sərtləşdirilməsi ilk növbədə "reket" jurnalistlərin əl-qolunu bağlayacaq
"Cinayət Məcəlləsinə ediləcək əlavə və dəyişikliklərin başlıca məqsədi sosial şəbəkələrdən sui-istifadə hallarının qarşısını almağa hesablanıb"


Son zamanlar yeni medianın problemlərindən danışılarkən sosial şəbəkələrdə və internet media resurslarında biri-birini aşağılayan, təhqiredici yazılar və bunların aradan qaldırılma yolları da geniş müzakirə olunur. Bu istiqamətdə fikirlər müxtəlifdir. Ekspertlər bu məsələyə fərqli prizmadan yanaşırlar.

Media nümayəndələri hesab edir ki, sosial şəbəkə statusları və internet mediada yayımlanan yazılara görə istifadəçini məsuliyyətə cəlb etmək söz azadlığına ziddir. Bir sıra ekspertlər isə bu sahədə də tənzimlənmənin vacibliyini önə çəkirlər. Onların arqumentinə görə söz azadlığı adı altında heç kimi təhqir etmək olmaz. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda internet resursları üzərində hüquqi tənzimləmə mexanizminin yaradılması zəruridir.

Kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə yeni cəza tətbiq olunacaq. Bununla bağlı Cinayət Məcəlləsinin 147-ci maddəsinə (təhqir) dəyişiklik təklif edilir. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası veriləcək. Hazırkı qanunvericilikdə isə təhqir min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) dəyişiklik təklif edilir. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası veriləcək.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli "Şərq”ə açıqlamasında insanların şərəf və ləyaqətinin nalayiq formada, qəsdən alçaldılması məsələsinin həm mənəvi, həm də hüquqi baxımdan yolverilməz olduğunu deyib:

 "Baxın, insanların şərəf və ləyaqətinin alçaldılması bir çox hallarda qətllə də nəticələnirsə, deməli bu, sadə məsələ deyil. Yüzlərlə insan məhz kiminsə şərəf və ləyaqətini alçaltdığına, söyüş söydüyünə görə qətlə yetirilib, bıçaqlanıb və sair. Bu o deməkdir ki, Azərbaycan insanı şərəf və ləyaqətin alçaldılmasına çox sərt reaksiya verir, bu həm də mental bir məsələdir. Mediada əslində şərəf və ləyaqətin alçaldılması hallarına son illərdə çox az hallarda rast gəlinir. Çünki mediada uzun illərdir ki, bu məsələ ilə bağlı tənzimləmələr aparılır, peşəkarlıq səviyyəsi məsələsinə diqqət yetirilir. Hazırda insanların şərəf və ləyaqətinin alçaldılması daha çox sosial şəbəkələrdə baş verir. Virtual məkanda bu məsələni tənzimləmək də çətindir. Amma hər bir halda, hesab edirəm ki, həm maarifləndirmə, həm də inzibati qaydada bu məsələlərə xüsusi diqqət ayrılmalıdır, lazım gəldikdə sərt tədbirlər də görülməlidir. Çünki mədəni topluma çevrilmək heç də həmişə könüllülük prinsipinə söykənmir. Bu gün inkişaf etmiş, sivil cəmiyyət olmuş ölkələrin inkişaf tarixinə baxdıqda, görürük ki, onların bugünkü sivil davranışları həmin toplumlara bir vaxtlar inzibati qaydada aşılanıb. Əslində demokratiya mövcud qaydalara əməl etməkdir. Qaydalara əməl etməyəndə isə cəza mütləq işə düşür”.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə isə hər zaman sözü qandallamağın əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, yaradıcı adamın üzərində hər hansı basqı qurmaq doğru deyil: "Azərbaycanda senzura 20 il əvvəl ləğv olunub. Azərbaycanda söz və ifadə azadlığı təmin olunub, insanlar onları narahat edən problemləri sərbəst şəkildə dilə gətirə bilirlər. Ölkəmizdə azad internet mühiti mövcuddur, internet üzərində heç bir basqı yoxdur. Azad internet mühitinin olması, sosial media üzərində vahid nəzarət mexanizminin olmaması bir sıra fəsadlar doğurur. Söhbət təkcə "virtual küçə" adlandırılan sosial şəbəkələrdə nifrin püskürən məsuliyyətsiz qrupdan getmir. Sosial media üzərində nəzarət mexanizminin olmaması bir sıra fanatik və radikal dini qrupların bu platformada təbliğat və cəlbetmə kampaniyaları aparmasına rəvac verir.

Fikrimcə, Cinayət Məcəlləsinə ediləcək əlavə və dəyişikliklərin başlıca məqsədi də sosial şəbəkələrdən sui-istifadə hallarının qarşısını almağa hesablanıb. Buna görə peşəkar KİV-lər narahatlıq keçirməməlidir”.

Jurnalist etikasına riayət edən heç bir KİV-in insanların şərəf və ləyaqətini alçaltmadığını vurğulayan Mərkəz rəhbərinin fikrincə, bu dəyişikliklər daha çox "reket" jurnalistləri narahat etməlidir:

"Qanunvericiliyin sərtləşdirilməsi ilk növbədə onların əl-qolunu bağlayacaq. Heç bir peşə sahibinin, o cümlədən, jurnalistlərin insanların şərəf və ləyaqətini alçaltmağa ixtiyarı yoxdur!
Əgər bu hal qəsdən törədilibsə, mütləq cəzası da olmalıdır! Amma söhbət spesifik peşə sahibi olan jurnalistlərdən getdiyi üçün mən həbs cəzasının pul cəzası ilə əvəzlənməsini təklif edirəm”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə təklif olunan dəyişikliyi müsbət dəyərləndirsə də, sosial şəbəkələrə nəzarətin olduqca çətin olduğunu deyib:

"Bu gün dünyada milyardlarla sosial şəbəkə istifadəçisi var. Azərbaycanda isə sosial şəbəkələrdə milyonlarla insan iştirak edir. Hesab edirəm ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cinayət işi müraciət əsasında baş tutacaq. Bununla bağlı konkret orqan isə yoxdur. Cinayət işi vətəndaşın müraciət etdiyi qurum əsasında başlana bilər. Bu, prokurorluq və ya daxili işlər orqanları ola bilər”.
Jurnalist Nigar Məhərrəmli isə cəzaların sərtləşdirilməsinin xüsusilə effektli olacağına inanmadığını deyib: "Avtomobili içkili sürməklə bağlı fantastik cərimələr müəyyənləşdirdilər. Ancaq bu məsələ, həmin əməlin qarşısını birdəfəlik almadı. Bu, eyni zamanda əxlaq məsələsidir. Ümumiyyətlə, qanunları daha demokratik və eyni zamanda neqativ əməllərə imkan verməyəcək səviyyədə hazırlamaq, bu istiqamətdə inkişaf etdirmək mümkündür. Yaxşı olar ki, elə bir yol, variant fikirləşsinlər ki, hər yoldan keçən özünü jurnalist kimi təqdim edə bilməsin. Medianı bütün neqativlikdən qorumaq lazımdır. Bunun üçün edilən bütün işləri dəstəkləməyə və üzərimizə düşən işi görməyə həmişə hazırıq”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə deyib ki, kütləvilik baxımından internet media və sosial şəbəkələr daha öndədir. Ona görə də bu sahələrdə problemlər daha qabarıq olur: 

"Sözügedən dəyişiklik təşəbbüsünü anlaşılan hesab edirəm. Amma bir sıra məqamlar dəqiqləşdirilməlidir. Əgər söhbət KİV-lərdən gedirsə, media sahələrinin modelindən asılı olmayaraq, vahid prinsiplər dəyişməməlidir. Yəni qəzet, televiziya, radio, internet media, bunlar hamısı eyni qanunlar çərçivəsində tənzimlənməlidir. Bununla bağlı konkret qanunvericiliyimiz var. Zaman-zaman qanunlar media sahələrinə uyğun olaraq təkmilləşir, dəyişdirilir. Lakin hesab edirəm ki, sosial şəbəkələr kütləvi informasiya vasitələri sayıla bilməz. Çünki sosial şəbəkələr müxtəlif cür insanların toplaşdığı məkandır. Orada peşə, sahə, dünya görüşü fərqli olur. Hər kəs istədiyini yazır, məsələlərə öz düşüncəsinə uyğun olaraq münasibət bildirirlər. Məncə, qanun onlara yox, sosial şəbəkələrdə səhifələri olan qəzet və saytlara şamil olunmalıdır. Hansısa insanın şəxsi fikri və düşüncəsi ilə bağlı qanunun tətbiq edilməsi doğru deyil. Fikrimcə, məsələdə ciddi dəqiqləşdirmələrin aparılmasına ehtiyac var”.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri hər zaman ictimaiyyətdə müzakirə predmetinə çevrilib: "Hər iki maddədə şəxsiyyətin şərəf və ləyaqətinin təhqir olunması, ona qarşı hansısa formada təsirlərin göstərilməsi, böhtan atılması yolverilməz hesab olunur. Ancaq son zamanlar onlayn medianın və sosial şəbəkələrin inkişafı ilə əlaqədar olaraq bu maddələrin pozulması halları çoxalıb”.
Dünya praktikasında da yeni mediada təhqir və böhtana yol verilməsi, şəxsi həyata müdaxilə və sair məsələlərə görə məsuliyyət nəzərdə tutulduğunu vurğulayan M.Ələsgərlinin sözlərinə görə, əvvəllər sözügedən qanuna müəyyən dəyişikliklər olunsa da, problemin aktual qalması daha da təkmilləşdirməyə ehtiyac olduğunu ortaya çıxardı. Bu baxımdan qanuni tənzimləmələrin olmasını və internetdə şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası verilməsini məqsədəuyğun hesab edirəm. "KİV haqqında" qanunda bu barədə nəzərdə tutulan məqamlardan başqa, ayrı-ayrı qanunlarda da bu barədə məsuliyyət nəzərdə tutan maddələr var: "Şəxsi fikrimcə isə bu cür məsələlərin "Diffamasiya haqqında" qanunla tənzimlənməsinin tərəfdarıyam. Çünki beynəlxalq praktikada təhqir və böhtana görə məsuliyyətin Cinayət Məcəlləsindən çıxarılıb diffamasiya haqqında qanunla tənzimlənməsinə üstünlük verilir. Düzdür, bu praktika Avropa məkanında yalnız 17 ölkədə tətbiq edilir, digər 30 ölkədə hələ də proses Cinayət Məcəlləsi ilə tənzimlənir. Amma nəzərə alaq ki, Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilib. Həmin sərəncama əsasən, Azərbaycanda diffamasiya qanununun qəbul edilməsi və digər qanunların buna uyğunlaşdırılması üçün hazırlıq aparılmalıdır”.

(Davamı var...)

Şəymən