Payız həmişə qrip gətirir: Noyabrda xəstələnənlərin sayı daha da artacaq

Həkim: "Bu aylarda bol meyvə-tərəvəz və göyərti qəbul edilməlidir"



Qrip və digər infeksiya xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. Xüsusilə azyaşlı uşaqlarda müxtəlif viruslara yoluxma, soyuqdəymə, halsızlıq kimi hallar müşahidə olunur.

Əsasən payız aylarında, yəni iqlim dəyişkənliyi zamanı xəstəliklərin çoxalmasına rast gəlirik. Bu zaman qida faktoru önəmli rol oynayır. Xüsusilə meyvə və tərəvəzlərin qəbulu insan orqanizmi üçün vacibdir. Bəs, azyaşlı uşaqların xəstəliklərə yoluxmaması üçün valideynlər hansı tədbirləri görə bilərlər?

Məsələ ilə bağlı Sherg.az-a danışan həkim-allerqoloq Şahvələd Məmmədov bildirib ki, hazırda oktyabr ayı yay fəsli kimi xarakterizə olunur. Ona görə də bu, bir az anromal hava şəraitidir:

“Hava normadan artıq isti olur. Payız fəsli özü ilə hər zaman qrip və tənəffüs yolları xəstəliklərini gətirir. Müxtəlif virus infeksiyaları payızın gəlişi ilə əlaqədar çoxalır. Bu da öskürək, burun axma, kiçik yaşlı körpələrdə qarın işləməsi, qusma, soyuqdəymə kimi hallarla müşahidə olunur. Oktyabr ayı üçün belə hallar xarakterikdir. Yəqin ki, noyabrda virus və infeksiyalarda, qripdən əziyyət çəkənlərin sayı daha da artacaq.

Azyaşlı övladı olan valideynlərə məsləhətim odur ki, yaz və payız aylarında infeksiyaların qarşısını almaq üçün uşaqların orqanizmini gücləndirsinlər. Bəzən valideynlər elə bilir ki, uşaqların orqanizmini gücləndirmək onların isti geyim və isti otaqda havasız saxlamaqdır. Lakin bu belə deyil. Əksinə uşaqlar açıq və təmiz havada daha çox gəzməlidirlər. Həmçinin bu aylarda bol meyvə-tərəvəz və göyərti qəbul edilməlidir. İnsanlar idman hərəkətlərindən də çox uzaqdır. Amma idman  bədənin möhkənmlənməsinə şərait yaradır. Valideynlər özləri idmanla məşğul olmadıqları üçün bunu övladlarına da söyləmirlər”.