İran bilsin! - “Ermənistan Qərbin əlində Tehrana qarşı ölçü vahididir”

“Qərb İrəvan vasitəsilə Tehranı müxtəlif hallar üzrə testdən keçirir”

“DQR"də keçirilən “seçki”lərə İranın münasibəti ikibaşlı idi. Hətta ermənilərin mövqeyini dəstəkləmək kimi də başa düşülə bilərdi. Bu isə İranın region siyasətinə, özünə zərbədir”



İranın neft daşıyan maşınlarının Azərbaycanın müvəqqəti işğal olunmuş Dağlıq Qarabağın ərazisində - Xankəndi şəhərində peyda olmasını rəsmi Tehran təkzib etdi. Əvvəlcə İranın Azərbaycandakı səfiri C.Cahangirzadə, sonra isə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla telefon danışığında İran XİN-in siyasi məsələlər üzrə müavini A.Əraqçı təkzib etdi. Dağlıq Qarabağdan olan erməninin sosial şəbəkədə yaydığını şübhə altına saldılar.

Məsələni “Sherg.az”a dəyərləndirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu vurğulayıb ki, şübhə altına almaq hələ məlumatın düzgün olmadığı anlamına gəlmir.
Siyasi şərhçinin sözlərinə görə, İran maşınlarının nömrələri aydın görünür: 

“Videonu çəkən adam öz gözünün qabağında gördüyü maşınları İran maşınları kimi təqdim edir. Bu maşınları virus yayan kimi dəyərləndirir. İranın Ermənistanda hal-hazırda bir nömrəli imici koronavirus mənbəyidir. “Virus” sözünün işlənməsi neft məhsulları  karvanının son bir ay ərzində Dağlıq Qarabağa daxil olduğunu göstərir. Bu parametrlər İranın təkzibinin kifayət qədər tutarlı olmasını tələb edir. Baxmayaraq ki, İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı kifayət qədər təcrübəli və mömin diplomatdır. “Altılıqla” nüvə danışıqlarında İranın əsas danışıqçısı məhz Seyid Abbas Əraqçı idi. Onun siyasi diplomatik bacarığı bu hadisəni təkzib edə bilmədi. Regionda bir çox ölkələrin peykləri var və bu peyklər yerüstü əraziyə nəzarət edir.

O cümlədən Azərbaycanın özünün də belə bir peyki var. Peyk görüntüləri İranın arzulamadığı zamanda meydana çıxacaq. Ona görə İran özü təhqiqat aparıb, həmin neft karvanının nə vaxt, nə şəraitdə, nə üçün peyda olduğunu bildirməlidir. Neft məhsulları karvanının mövcudluğuna inamı artıran amillər çoxdur. Əsası İranın Ermənistanın rolunu çox yüksək dəyərləndirməsidir. İranda bir qrup məmur ehtimal ki, Ermənistandan asılıdır. Ermənistan vasitəsilə Qərblə müxtəlif şəxsi əlaqələr qurublar və ona görə də Ermənistanı itirmək istəmirlər. Təsadüfi deyil ki, koronavirus dövründə ABŞ-ın Ermənistandakı səfirliyi elan yayarkən məhz 3 dildə-ingilis, erməni, fars dillərində məlumat yaydı. Əslində bu ABŞ-ın Ermənistandakı səfirliyinə İran vətəndaşlarının-farsdillilərin müraciətinin çox olmasının mühüm göstəricilərindən biridir”.

Politoloq bəyan edib ki, Ermənistan yalvara-yalvara İsraillə münasibətlər qurdu: 

“Ermənistan indi hətta İsraildən “erməni soyqırımı”nın tanınmasını da arzulamır, amma birgə anti-İran fəaliyyəti vəd verib. Ermənistan artıq İsrailə öz ərazisində İrana qarşı baza tikir. Ermənistan koronavirus dövründə özünün bir nömrəli müttəfiqinin İsrail olduğunu sübut edə bildi. Ermənistan prezidenti İsrail prezidenti ilə telefonla danışdı, sonradan Ermənistanın Səhiyyə naziri İsrailin Səhiyyə naziri ilə telefonla danışdı. Az keçmiş yenidən prezident Armen Sərkisyan İsrailin Səhiyyə naziri ilə telefonla danışdı. Ermənistanın bütüm profil strukturları İsrailin müvafiq strukturları ilə hal-hazırda əlaqədədir. Başqa heç bir dövlətlə koronavirus dövründə Ermənistanın belə əlaqəsi yoxdur: RF və Gürcüstanla intensiv münasibətləri yalnız kommunikasiya əlaqələrnin müzakirəsindən ibarət olub. İranda bunu bilirlər, bilə-bilə Dağlıq Qarabağa yardım edirlər. İran nəzərə almalıdır ki, Ermənistan Qərbin əlində İrana qarşı ölçü vahididir.

Qərb Ermənistan vasitəsilə İranı müxtəlif hallar üzrə testdən keçirir. İranda koronavirusun ağır keçməsinin səbəblərindən biri ehtimal ki, Ermənistanın tibbi-baytarlıq sahəsinin ABŞ kəşfiyyatının nəzarəti altında olmasıdır. Bəllidir ki, İran Ermənistandan ən çox mal-qara, qoyun alan dövlətdir. Görünür, ABŞ artıq lazımi qaydada Ermənistan vasitəsilə İranı bioloji silahın nəticəsinə  hazırlayıb. ABŞ-ın Ermənistandakı səfirliyinin anti-İran casusluq yuvasına çevrilməsi barədə məlumatlar hələki heç tərəfdən təkzib olunmayıb. Ermənistanın İrana təhqirli mövqeyi isə fasiləsizdir, arası kəsilmədən baş verir və təkcə bu gün deyil, əvvəllər də belə olub. İran səmasında Ukrayna təyyarəsi vurulan kimi Qərbin tələbi əsasında İranla hava əlaqələrini ilk dayandıran dövlət məhz Ermənistan oldu.

Koronavirus söhbəti ortalığa çıxan kimi İranla sərhədi  bağlayan ilk dövlət də məhz Ermənistan oldu. Koronavirusla bağlı İranın hazırladığı kompüter proqramını rəsmi Yerevan casus proqramı adlandırdı və rədd etdi. İranın maşınları Ermənistanın ərazisinə daxil ola bilməz, Ermənistan buna qətiyyən icazə vermir. İran sərhədində Ermənistan maşınları İran maşınlarına qoşulur, erməni sürücüsü maşını ilə İranın Ermənistan üçün lazım olan yük qoşqusunu Ermənistanın digər ərazilərinə aparıb çıxarır. İrandan gələn bəzi məhsulların, o cümlədən sementin Ermənistana daxil olmasına qadağa qoydu. İran Ermənistanla münasibətdə şərəf və ləyaqətini qoruya biləcəyi vaxt öz şərəf və ləyaqətinə ABŞ tərəfdən hörmət görəcək. Qondarma Dağlıq Qarabağda keçirilən son “seçki”lərə İranın münasibəti ikibaşlı mövqe idi. Hətta ermənilərin mövqeyini dəstəkləmək kimi də başa düşülə bilərdi. ATƏT MQ, Aİ və təxminən 20-dən çox dövlətin yaydığı məlumatları müqayisə etsələr, İran bunu çox gözəl başa düşə bilər. İran “dəvəquşu” siyasəti aparır. Elə başa düşür ki, ətrafda heç kəs onu başa düşmür. İranın Dağlıq Qarabağ məsələsində insunasiyaları onu tam ifşa edib və nüfuzdan salıb”.

M.Əhmədoğlunun fikrincə, İranın Ermənistana ümid etməsinin zərrə qədər əhəmiyyəti yoxdur: 

“İran əgər fikirləşirsə ki, Dağlıq Qarabağ münaqişəsinin  tənzimlənməmiş qalması onun xeyrinədir, xeyr, bu yalnız ermənilərin xeyrinədir. Ermənilər və onların Qərbdəki havadarları İrana ciddi zərbə vura biləcəklərinə əmin olacaqları təqdirdə Dağlıq Qarabağda dərhal münaqişə alovlanacaq. Alov İrana doğru yayılacaq. Ehtimal ki, dinc tənzimlənməyə təhlükə yaradan addımlar barədə fikirlər rəsmi Yerevanın İranın Xarici İşlər nazirinə diktə etdiyi formuldur. İran koronavirusla əlaqədar Dağlıq Qarabağ tənzimlənməsində təşəbbüs irəli sürdü. Bu, İranın özünə lazım idi; BMT Baş Katibinin də dünyadakı münaqişəli regionlarda atəşkəsə riayət olunması ilə bağlı çağırışı var idi. Cavad Zərif İrandan sanksiyanın götürülməsi məsələsinə görə BMT Baş Katibi A.Quttereşlə sıx əlaqədə idi və onun təklifinə dəstək vermək istəyirdi.

Ona görə Cavad Zərif Ermənistan və Azərbaycanın Xarici İşlər nazirinə zəng etdi. Ermənistanın Xİ naziri dərhal İrandan gələn təklifi Rusiyanın Xİ nazirinə çatdırdı və sonda Rusiya bir daha İranın belə məsələlərə qoşulmasını qadağan etdi: Dağlıq Qarabağ məsələsində yalnız Rusiya, ABŞ və Fransanın təklifləri işləyə bilər, İranın yox. Ermənistanın oynadığı rolu İran XİN -də çox gözəl bilirlər. İran vaxtilə DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) olmuş Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu şübhə altına almamalıdır. Allah bunu şübhə altına almır; ABŞ, Fransa şübhə altına almır; ABŞ Dövlət Departamentinin illik hesabatlarına, Fransa Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumatlara baxsınlar. “Dağlıq Qarabağ erməni separatçıları tərəfindən nəzarət olunan Azərbaycan ərazisidir”.

Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumatlara baxsalar, bir az əziyyət çəksələr, görəcəklər ki, orada da Dağlıq Qarabağ Azərbaycana məxsusdur. İran vaxtilə DQMV olmuş Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu şübhə altına salır. Sözümüzü yalana çıxartmaq istəyirsə İranın Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağ  Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazisidir” formulunun olduğu bəyanatların sayını açıqlasın. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, İranın Ermənistan qabağında aciz görünməsinin səbəbi ola bilər təkcə İran rəsmilərinin, onların ailə üzvlərinin Ermənistan vasitəsilə Qərblə əlaqə saxlaması deyil, həm də Azərbaycana qarşı güc, anti-Azərbaycançılığın nümayişi məsələsidir”. 

Analitikə görə, İran Dağlıq Qarabağın daxilindəki vəziyyəti təxminən bizim qədər, bəlkə də daha çox bilir: 

“İran bilir ki, Dağlıq Qarabağ əldən gedir. Dağlıq Qarabağın əldən getməsi Dağlıq Qarabağın Azərbaycana qayıtmasıdır. Görünür, bu, İranın marağında deyil, ona görə təxminən belə ssenari ortalığa atıb; Dağlıq Qarabağı yanacaqla təmin etməyi özü üçün daha prioritet məsələ hesab edir. Hər halda bu gün zəmanənin bəlası koronavirusdur, Azərbaycan koronavirusa qarşı mübarizədə region dövlətləri içərisində ən öndədir. İranın döşünə döyməsinə baxmayaraq İrandan da xeyli  irəlidədir. Digər problemlərin həllində də  regionda ən irəlidə olmuşuq. Bu o deməkdir ki, gələcəkdə də bəlli və yaxud qeyri-bəlli problemlərin araşdırılıb, açılmasında hamıdan qabaqda, yenə regionda ən birinci olacağıq. İstərdik ki, İran həqiqəti dərk etməkdə birinci olsun. Nə qədər ki, İran özü ilə bağlı həqiqəti, Allahın dediklərini dərk etməyib, çox əziyyət çəkəcək. Hər halda bu ilk növbədə İranın region siyasətinə, özünə zərbədir. Çünki ola bilər Ermənistan dövlət kimi mövcud olmasın. Azərbaycan və İran mövcud olacaqlar, o zaman İranın Azərbaycanla siyasət qurmasında əlavə problemlər yarana bilər. Baxmayaraq ki, İran indi də Azərbaycanla münasibətlərində var gücü ilə problemlər yaradır. Sadəcə Azərbaycan Respublikası Prezidentinin siyasətinin müdrikliyinin hesabına İranın problem yaratmaq cəhdi nəticə vermir.
Emosiyalarımız silkələndi, oynadı, amma sonradan özümüzü ələ ala bildik. İranla əlaqəli, İranın gördüyü işlər barədə, İranın daxilində baş verənlərlə bağlı hədsiz çox fikirlər bildirə bilərik. mosiyamızı ələ almağımızdır ki, sadəcə belə danışıqla, yazı ilə məsələ öz axarı ilə gedir”.