“Azərbaycan gec-tez müharibəyə başlamalıdır”- Ritorika dəyişmir

“Ölkəmizin nə vaxtsa çox ciddi anti-terror əməliyyatları keçirəcəyini Ermənistan da anlayır”
 
“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son dedikləri Ermənistan üçün çox ciddi ismarıc oldu”



Ermənistan ordusunun yeni Baş qərargah rəisi Onik Qasparyan Azərbaycanın işğal olunmuş torpaqlarına gəlib. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilib ki, general-leytenant Qasparyan Qarabağda təmas xəttinin şimal-şərq istiqamətində döyüş postlarının möhkəmləndirilməsi, yeni mühəndis-istehkam işləri ilə tanış olub.  Onu Qarabağdakı separatçı rejiminin "rəsmi şəxsləri", o cümlədən “müdadiə naziri” Cəlal Arutunyan da müşayiət edib.
 
 Yayılan məlumatla bağlı “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, buna təbii yanaşmaq lazımdır:

“Əlbəttə, Onik Qasparyan çalışacaq ki, nə isə bir yenilik etsin, öz fəallığını göstərsin. Bu, normaldır. Həm də axı hökumət bu və ya digər yolla əhalini sakitləşdirməli, ictimai rəy yaratmalıdır. İnformasiya müharibəsi amilini də unutmaq olmaz. Yəni burada təəccüblü heç nə yoxdur. Əsas odur ki, bizim bütün reaksiyalara adekvat cavab vermək imkanımız var”. 
 
 Ş.Ramaldonovun fikrincə,  yeni baş qərargah rəisi lazımi səviyyədə ciddi addımlar ata bilməz: 

“Biz düşməni gözümüzdə kiçildə bilmərik. Bu, düzgün olmaz. Bəli, ola bilsin, hansısa işlər gedir. Məsələn, mühəndislər postları gücləndirə bilərlər. Amma bundan daha artıq nəsə etmək mümkün deyil. İndi dünyadakı vəziyyət hamıya məlumdur. Bütün ölkələr böhran içindədir. Deməli, Ermənistanın da ciddi addımlar atmaq üçün nə iqtisadi gücü var, nə də hərbi sənayəsi. Ermənistanın hansı silah-sursat işlətdiklərini yada salmaq onların hərbi güclərinin nə qədər olmasını müəyyənləşdirməkdən ötrü kifayətdir. Odur ki, narahatlığa əsas yoxdur. Onsuz da Ermənistanın siyasəti eynidir. Vəzifədəki bütün şəxslər başqa kadrlarla əvəzlənir, amma ritorika dəyişmir”. 
 
 Polkovniik, həmçinin bildirdi ki, Ermənistan Azərbaycanın başqa yolu qalmadığını da başa düşür:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son dedikləri Ermənistan üçün çox ciddi ismarıc oldu. Yeddi rayonumuzn mərhələli şəkildə qaytarılması haqqında bəyanatdan sonra düşmən vəziyyəti daha aydın başa düşdü. Həmçinin Dağlıq Qarabağda təşkil edilən tədbirlər, dövlət başçılarının, müdafiə nazirlərinin imzaladıqları bəyanatlar da göstərir ki, Azərbaycan gec-tez müharibəyə başlamalıdır.  Azərbaycanın nə vaxtsa çox ciddi anti-terror əməliyyatları keçirəcəyini Ermənistan da anlayır. Bizim qüdrətli ordumuz, ən müasir texnikamız, Rusiya, Türkiyə, Pakistan, İsrail kimi ölkələrdən aldığımız bahalı silahlar buna imkan verir. Sərhədçilərimiz, kəşfiyyatçılarımız düşmənin hər hərəkətinə nəzarət edirlər. Biz hər an onlara lazımi formada cavab vermək iqtidarındayıq. Sadəcə məqamı gözləmək lazımdır. Zaman öz sözünü deyəcək və hər şeyi yerbəyər edəcək”.