Əsir düşən ermənilər Paşinyana lənət oxudular

Onlar baş nazirin ölkəni uçuruma, xalqı məhvə apardığını vurğulayırlar

Tahir Kərimli: "Narazılıqlar getdikcə dərinləşməkdə, erməni mifologiyası darmadağın olmaqdadır. Ordan-burdan zorla adam tutub gətirməklə savaşı qazanmaq mümkünsüzdür"

Azərbaycan Ordusunun əsir götürdüyü erməni əsgərlər şok etiraflar səsləndiriblər. Düşmən əsirləri təlim, dislokasiya yerləri barədə də ətraflı danışıblar. Erməni hərbçilər Qarabağda döyüşməkdən imtina etmələrinə baxmayaraq, onları cəbhəyə zorla göndərdiklərini deyiblər. Keçmiş milis mayoru Edik Tonoyan bildirib ki, 27 sentyabrda Azərbaycanla müharibə başlayanda onu və oğlunu tikintidə tutub hərbi komissarlığa aparıblar. Hərbi komissarlıqda razılaşıb ki, oğlunun yerinə hərbi xidmətə getsin:

“Qarabağa getmək istəmirdim, çünki ora bizim torpağımız deyil. Bizi aldadıb, əlimizə silah verərək Horadiz rayonuna səngər qazmağa gətirdilər. Bombalama başlayanda qaçdıq. Mənimlə birlikdə olan 33 nəfər qaçdı, lakin mən onlara çata bilmədim və təslim olmaq qərarına gəldim”. Tonoyan daha sonra bütün erməni xalqına müraciət edib: “Əziz həmvətənlərim. Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmaq və qan tökmək lazım deyil. Biz əvvəl çox yaxşı yaşamışıq, biz bir-birimizlə çox yaxın olmuşuq, bizim qardaş, xoş qonşuluq münasibətli xalqlarımız olub”. Digər bir erməni əsgəri - Valera Ayrapetyan Aşotoviç Füzulidə olarkən ona qoşulan 8 nəfərlə birlikdə qaçdıqlarını və bilərək Azərbaycan əsgərinə təslim olduqlarını söyləyib: “Erməni xalqına müraciət edirəm. Qardaşlar və bacılar, bizə aid olmayan şeyə görə döyüşmək lazım deyil. Oğullarınızı, ərlərinizi boşuna ölməyə göndərməyin”. 

Döyüşlər zamanı əsir düşən, daha doğrusu, Azərbaycan Ordusuna könüllü təslim olan erməni əsgərlərin etirafları düşmən ölkənin hansı durumda olduğunu və heç kimin Qarabağda döyüşmək istəmədiyini əyani göstərir. Onların sözlərindən də aydın olur ki, özgə torpağı uğrunda ölmək istəməyən ermənilər Paşinyan hökumətinin xalqı qəsdən qırğına verdiyinin fərqindədirlər. Elə bu səbəbdən əsir düşən ermənilər Nikol Paşinyana lənət oxuyur, baş nazirin ölkəni uçuruma, xalqı məhvə apardığını vurğulayırlar. 

Düşmənin etirafları barədə “Şərq”ə danışan millət vəkili Tahir Kərimli bəyan edib ki, hər yerdən əli üzülən, bütün qapılar üzünə bağlanan Nikol Paşinyan çıxılmaz vəziyyətdə olduğunu özü də dərk edir. Deputatın sözlərinə görə, hakimiyyətinin sonunu görən Paşinyan özünü xilas etmək üçün erməni xalqını belə məhvə sürükləməyə hazırdır:

“Ermənilər Paşinyanın niyyətini yaxşı başa düşürlər. Baş nazir əslində özü də inanmadan ermənilərdə “ruh yüksəkliyi”nin olduğunu iddia edir. Ancaq düşmən əsgərlərinin, o cümlədən erməni ekspertlərin etirafları da göstərir ki, bunların hamısı yalan və uydurmadan ibarətdir.

Məğlub olan bir toplumda heç vaxt ruh yüksəkliyi ola bilməz.

Zaman-zaman Paşinyan özü də gərgin vəziyyətin, çıxılmaz durumun içində olduğunu etiraf edir, elə bu məqsədlə dünya liderlərinə yalvarır. Paşinyan elə zənn edirdi ki, Rusiya gəlib onların əvəzinə Qarabağda vuruşacaq. Lakin Moskvanın konkret mövqeyindən sonra məyusluğunu gizlədə bilməyib”.

Parlament üzvü vurğulayıb ki, artıq Ermənistan cəmiyyəti parçalanıb, müxtəlif qruplar günahı bir-birinin üzərinə atır:

“Ermənilər gah Rusiyanı, gah “Qarabağ klanı”nı, gah da Paşinyanı ittiham edirlər. Cəmiyyət içəridən ciddi şəkildə sarsılıb. Narazılıqlar getdikcə dərinləşməkdə, erməni mifologiyası darmadağın olmaqdadır.

Ordan-burdan zorla adam tutub gətirməklə savaşı qazanmaq mümkünsüzdür. Şübhəsiz, düşmən ölkədə baş verənlər Azərbaycanın xeyrinədir və qələbə bizimlədir.

Müzəffər Azərbaycan Ordusu öz qalibiyyətini sona qədər davam etdirəcək. Bir məqamı da qeyd edim ki, təkcə təcavüzkar Ermənistan rejiminin sonunun başlanğıcı deyil, həm də dünyada ermənilik fəlsəfəsinin süqutunu müşahidə edirik. Artıq erməni nağıllarına nə sıravi vətəndaşlar, nə də dünya ictimaiyyəti inanır”.