Pakistan heç vaxt Tağıyevi unutmadı

Bu ölkə indi Azərbaycanı dünya səviyyəsində müdafiə edən real güclərdən biridir

"Biz azərbaycanlılara bayraq paylamamışıq. Bu, insanların səmimi duyğularının, Pakistana bəslədikləri rəğbətin təcəssümüdür”. Bu sözləri Pakistan İslam Respublikasının Xarici işlər naziri Məhdum Şah Mahmud Qüreyşi bir müddət öncə Pakistanın Pəncab əyalətinin Multan şəhərində keçirdiyi mətbuat konfransında deyib. Nazir onu da qeyd edib ki, ölkələri daima müttəfiqlik prinsipinə uyğun davranır.
Nümunə kimi Azərbaycanla Ermənistan arasında ötən ilin sentyabr ayında başlayan, tarixə İkinci Qarabağ savaşı kimi düşən 44 günlük müharibəni göstərib.

Məhdum Şah Mahmud Qüreyşi bildirib ki, Pakistan və Türkiyə Azərbaycana işğal altında olan torpaqlarının geri qaytarması işində açıq siyasi dəstək verib və 44 günlük savaşda qazandığı böyük uğurlara görə Azərbaycanı təbrik edib.

Nazir bildirib ki, həmin dəstəyi Azərbaycan xalqı yüksək qiymətləndirib. Azərbaycan Ordusunun zəfərini qeyd edərkən vətəndaşlar küçələrdə Türkiyə ilə yanaşı Pakistanın da dövlət bayrağını dalğalandırıblar.

Türkiyədən sonra Azərbaycana ən böyük dəstək verən ölkə də məhz Pakistandır. Onlar nəinki bizə müttəfiq olan dostlarımızdır, həmçinin din qardaşlarımızdır. O da məlumdur ki, Azərbaycanla Pakistan arasındakı dostluq son bir neçə ilin dostluğu deyil. Bəs bu müttəfiqlik necə yarandı, kim yaratdı və nə zaman yarandı? 

Məsələ ilə bağlı tarixçi Hamlet Əliyev "Şərq"ə açıqlamasında suallarımıza ətraflı cavab verib:

"Azərbaycanla Pakistan arasında olan dostluq əlaqələri bizə məlum olan qədəri ilə Hacı Zeynalabdin Tağıyevin zamanından  başlayır.

Həmin dönəmdə hazırkı Pakistan ərazilərində yoluxucu xəstəliklər baş alıb gedirdi. Tağıyev də  müsəlman olduqları üçün onlara yardımlar etmişdi.

Görünür, onlar bu yaxşılığı həmişə xatırlayıb, əraziləri dövlətə çevriləndən sonra da bunu unutmayıblar.

Düzdür, bizim ondan əvvəl də tarixi bağlarımız olub. Orada çoxlu sayda türk tayfaları yaşayıb. Hətta, vaxtı ilə Nadir şahın dövründə oralara sürgün edilmiş türk-elat tayfaları yaşayırdı.

Sonrakı dönəmlərdə də məhz bu əlaqələr mövcud olduğuna görə Sovet imperiyası dağılandan sonra tərəflərarası əlaqə yenə bərpa edildi. Ən yaxşı hallardan biri odur ki, o dönəmdə Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən oldu.

Biz verdikləri dəstək baxımından həmişə qardaş Türkiyənin adını birinci çəkmişik. Yəni Türkiyə bu mövzuda bizim üçün bir növ istisnadır.

Amma bu gün Pakistan nəinki ermənilərin yaratdığı qondarma Dağlıq Qarabağ "respublikasını", heç Ermənistanın özünü müstəqil dövlət kimi tanımır.
Bu günə kimi tanımamaqla yanaşı dövlətlərarası heç bir əlaqə də qurmayıb.

BMT-nin üzvü olan bir dövlət niyə başqa dövlətlərlə əlaqə saxlamasın? Onlar təbii ki, burada Azərbaycanın maraqlarını üstün tutaraq davranıblar".

Tarixçi, həmçinin, Pakistanın Azərbaycanı dünya səviyyəsində müdafiə edən real güc olduğunu da qeyd edib: "Pakistan Azərbaycanı dövlət, eləcə də dünya səviyyəsində müdafiə edən əsas real güclərdən biridir.

Nəzərə alaq ki, nüvə silahına malik olan yeganə müsəlman ölkəsidir. Yəni belə bir gücə sahib olan ölkə ilə tarixi nəzərə alaraq bu gün də dostluq əlaqələrini qoruyub saxlaya bilmək böyük işdir.

Onlar Pakistanda, İslamabadda nəşr olunan jurnalda Azərbaycan əsgərinin Türkiyə, Azərbaycan və Pakistanın bayraqları fonunda səngərdə oturub çörək yediyi şəkli paylaşaraq qeyd ediblər ki, "siz 21-ci əsrin ilk qalib müsəlman dövlətisiniz". Yəni Azərbaycanı bu formada bütün dünyaya təqdim etmək təbii ki, böyük şərəfdir".

Ağarza Elçinoğlu