Külək əsəndə endirilir

İcra hakimiyyətləri bayrağımıza qarşı hörmətsizlik edir

Millət vəkili jurnalistin qaldırdığı məsələnin ibrətamiz olduğunu deyir


Tanınmış jurnalist Elşad Paşasoy feysbuk statusunda bayrağımızla bağlı bir problemi gündəmə gətirib. Paytaxtdakı bayraqsız dirəklərin fotolarını paylaşan həmkarımız vurğulayıb ki, bəzi dövlət qurumları, əsasən də icra hakimiyyətləri balaca külək əsən kimi dirəkləri bayraqsız qoyurlar. Yəni üçrəngli bayrağımız icra hakimiyyətlərinin qarşısındakı hündür dirəklərdə bir gün görünürsə, iki gün ortalıqdan “yox” olur. Dirəklər isə boş qalır. Jurnalist bayraqların qaldırılıb-endirilməsinin qanunla tənzimləndiyini bəyan edərək, mühüm dövlət atributu sayılan bayrağın tez-tez endirilməsinin düzgün olmadığını düşünür: “Bakıda meh əsən kimi bəzi icra hakimiyyətləri bayraqları endirir. Olmaz ki, icra başçıları bir-biri ilə bəhsə girib, hündür dirəklərə iri ölçülü bayraq asmaq əvəzinə, elə normal ölçüdə bayrağımızı assınlar?! Sonra da xərcə düşməmək üçün onu yığışdırmasınlar. Axı, bayrağın qaldırılması, onun yarıya qədər endirilməsi qanunla tənzimlənir.

Qanunla tənzimlənən məsələdə hər məmur necə öz istədiyi kimi hərəkət edə bilər?!”. E.Paşasoy vurğulayıb ki, o bayrağın qan bahasına azad olunan torpaqlarımızda ucaldılması asan başa gəlməyib: “Azərbaycanın qalib ordusunun Ali Baş Komandanı Qarabağda bayraq meydanlarının açılışını edir, üçrəngli bayrağımızı öpüb, göz üstə qoyandan sonra onu əbədi dalğalanmaq üçün səmaya doğru ucaldır. Bəs, siz nə edirsiniz, bayraq endirən cənablar?! Qısası, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”. Teymur Rzayev adlı sosial şəbəkə istifadəçisi də vurğulayıb ki, Bakıdan Gəncəyə qədər əksər rayonlarda bayraq dirəkləri boşdur.



Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bayrağımıza sayğı ilə bağlı qaldırılan məsələnin olduqca ibrətamiz olduğunu deyib. Deputat da bildirib ki, bəziləri dövlət orqanının qarşısındakı dirəkdən iri ölçülərdə bayraq asırlar, güclü külək əsən kimi isə çıxarırlar:

“Doğrudan normal ölçüdə bayraq asmağa və onu həmişə dirəkdə saxlamağa nə mane olur? Bu, bayrağa qarşı ən azı diqqətsizlik kimi anlaşıla bilər. Bayraq dirəyinin istənilən havada boş qalması yaxşı görüntü sayıla bilməz. Xüsusilə, dövlət orqanlarının, icra hakimiyyətlərinin qarşısında bu mənzərəni müşahidə etmək ürəkaçan deyil. Vətən savaşından sonra cəmiyyətimizin bütün fərdlərində bayrağa münasibətdə böyük həssaslıq yarandığını gördük. Həm də yalnız Azərbaycan bayrağına deyil, qardaş Türkiyə bayrağına, eyni zamanda qardaş Pakistan bayrağına da insanların sayğısının şahidi olduq. Ürəyimizi sevgisiz, dirəyimizi bayraqsız saxlamaq olmaz”.



AVCİYA-nın eksperti, tarixçi Məhərrəm Zülfüqarlı bildirib ki, qardaş Türkiyədə insanların bayrağa sevgi və sayğısı, mənəvi bağlılığı çox yüksəkdir. Onun sözlərinə görə, Türkiyənin bütün şəhərlərində, meydanlarında al-qırmızı bayraq dalğalanır:

“Məsələ ondadır ki, qardaş ölkədə böyük dirəkli və iri həcmli bayraqlar ancaq şəhər mərkəzlərində olur. Dövlət qurumlarının, yerli idarələrin önündə isə daha kiçik ölçülü bayraqlardan istifadə edirlər. Bakıda Dövlət Bayraq Meydanı yarandıqdan sonra bütün rayon mərkəzlərində oxşar meydanlar yaradıldı və bayrağımız ucaldıldı.

Son dönəmlərdə, ələlxüsus Vətən müharibəsindən sonra xalqımızda üçrəngli bayrağa sevgi hədsiz çoxaldı. Vətənə, torpağa, atributlarımıza sevgini mənasız kampaniyaya çevirmək, adiləşdirmək, gözdən salmaq olmaz. Meydanlarda, dövlət qurumlarının və icra hakimiyyətlərinin qarşısında bayraq dirəkləri əksər hallarda bəhsə-bəhs prinsipi ilə qoyulduğu üçün bu gün həmin dirəklər boş saxlanılır. Bayraq hamı üçün əziz və doğmadır. Şəhər və rayon mərkəzlərində dirəklər hündür, asılan bayraqlar böyük ola bilər.

Ancaq icra hakimiyyətlərinin qarşısındakı bayraq dirəklərinin böyük ölçüdə olması şərt deyil. Elə ölçüdə qoysunlar ki, külək əsəndə aşağı endirməsinlər. Həm də külək, yağış və s. hallarda yararsız vəziyyətə düşdükdə, görüntüsü və ya rəngi pozulduqda asanlıqla dəyişmək mümkün olsun. Nəzərə alaq ki, ölkəmizə xarici qonaqlar gəlir. Onlar bayraq dirəklərini boş görməməlidir.

Eyni zamanda yararsız vəziyyətə düşmüş bayraqlara da rast gəlməməlidirlər. Bayrağa hörmətsizlik yolverilməzdir. Hər bir icra başçısı bu məsələyə həssas yanaşmalıdır. Onsuz da merlərə münasibət heç də xoş deyil. Əgər öz imiclərini bir qədər qaldırmaq və işlərində qalmaq istəyirlərsə, belə məqamlara diqqət etsinlər”.