"Moskva Bakı ilə münasibətləri birbaşa kəskinləşdirməkdə maraqlı deyil" - TƏHLİL

"Nikol Paşinyanın sərhəd məsələsi ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəsmi şəkildə müraciəti Putinlə telefon söhbətindən sonra etməsi xüsusilə diqqət çəkir".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi, araşdırmaçı-jurnalist Asif Nərimanlı deyib. 

Analitik bildirib ki, İrəvan və Moskva arasındakı telefon trafiki ilə bağlı rəsmi informasiyalarda Rusiyanın ehtiyatlı mövqe tutduğu müşahidə olunur: 

"Moskva Bakı ilə münasibətləri birbaşa kəskinləşdirməkdə maraqlı deyil. Lakin Putin-Paşinyan danışığından sonra Ermənistanın KTMT-yə müraciət etməsi Rusiyanın razılığının olması, ən azından məsələdə maraqlı olması deməkdir. Paşinyanın rəsmi müraciət etməməsinin səbəbi də öncə Putinlə məsləhətləşmək idi".

A.Nərimanlıya görə, burada diqqətçəkən əsas məqam Ermənistanın müraciətinin KTMT Nizamnaməsinin 2-ci maddəsi üzrə edilməsidir: 

"Bu maddəyə görə, təşkilata üzv ölkənin ərazisinə “hücum təhdidi” var. Lakin bu maddə ilə müraciət İrəvanın (həm də KTMT-ni prosesə cəlb etmək istəyənlərin) istəyinə tam nail olması üçün yetərli görünmür. KTMT-nin təxirəsalınmaz formada müdaxiləsi üçün 4-cü maddəyə - “dövlətə hücum” – ehtiyac var. Bu amil sərhəddə təxribat risklərini ön plana çıxarır. Ermənistanın KTMT Nizamnaməsinin 4-cü maddəsini aktivləşdirmək üçün gərginliyin yaşandığı sərhəd bölgəsində silahlı təxribat törədəcəyi, Azərbaycanı qarşıdurmaya təhrik edəcəyi ehtimalı böyükdür".